"ÖYRƏNƏK VƏ YARDIM EDƏK" adlı Xeyriyyə Seminarı

Valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım məqsədilə təşkil olunan "ÖYRƏNƏK VƏ YARDIM EDƏK" adlı Xeyriyyə Seminarımız bu gün, 05.10.2019 tarixində baş tutdu.
Seminarda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş Aydan Xasməmmədzadə "Asılılığın psixologiyası", Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya Kafedrasının doktorantı Gülər Məmmədova "Cinsi problemlərə psixoloji yanaşma", Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Bakı Dövlət Universitetinin Sosial və Pedaqoji Psixologiya Kafedrasının müəllimi Əli Xəlilov "Motivasiya və məqsədli davranış: psixoloji yanaşma" mövzuları ilə çıxış edib iştirakçılarla praktik çalışmalar işlədilər, həmçinin, ünvanlanan sualları cavablandırdılar.
Seminarın sonunda hər bir iştirakçıya İştirak Sənədi təqdim olundu.
Cəmiyyətimizin psixoloji maariflənməsinə, yeni bilik və bacarıqlara yiyələnməsinə xidmət edən, balaca həmvətənlərimizin üzündə təbəssümə səbəb olmaq üçün təşkil etdiyimiz seminar, birlikdə səmərəli keçirdiyimiz 4 saat xoş xatirələr, maraqlı anlarla yadda qaldı.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq, bu gözəl təşəbbüs üçün mütəxəssislərimizə dərin təşəkkürümüzü bildirir, bu gün bizimlə olan bütün iştirakçılarımıza uğurlar arzu edib minnətdarlığımızı bildiririk.


"