10 May - Psixoloqlar gününə həsr olunmuş tədbir

10.05.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Sosial Psixologiya şöbəsinin təşəbbüsü ilə 10 May - Ümumdünya Psixoloqlar Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov açılış nitqi ilə çıxış edərək öncə Azərbaycan Respublikasının Ümumilli Lideri, dünyada böyük nüfuz qazanmış görkəmli dövlət xadimi cənab Heydər Əliyevin anadan olmasının 96 illiyini anmış, böyük şəxsiyyətin xalqımız üçün əvəzsiz xidmətlərindən söz açmış, daha sonra Ümumdünya Psixoloqlar Günü münasibətilə psixoloqlara təbrik nitqi söyləyərək, tədbirə uğurlar arzu etmişdir. 
Sosial Psixologiya şöbəsinin müdiri, Azərbaycan Dillər Universitetinin dosenti Ceyhun Alıyev psixoloqların peşə bayramını təbrik etmiş, "Konflikt psixologiyası: səbəblər, təzahür formaları və onun həlli yolları" mövzusunda məruzəsi ilə çıxışını davam etdirmişdir.
Daha sonra institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, "Gənc Tədqiqatçılar" komandasının rəhbəri Fuad Əsədov "Təqdimetmənin psixologiyası" mövzusunda çıxış etmiş, ardınca gənc psixoloqun "Təqdimatın gücü" adı altında apardığı tədqiqat işinin gedişatını və nəticəsini əks etdirən video-rolik nümayiş etdirilmişdir. 
Praktik və məktəb psixoloqlarının, eləcə də tələbə psixoloqların və psixologiya ilə maraqlanan digər təlim iştirakçılarının sual-cavabı, qarşılıqlı müzakirələri şəklində davam edən tədbir xoş xatirələrlə yadda qalmışdır.


"