8 noyabr- Zəfər Günüdür
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı, Laçın, Ağdərə, ümumilikdə, 300-dən yuxarı yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.
Noyabrın 10-da Azərbaycan Prezidenti ermənistanın baş naziri və Rusiya prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanatda 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının qaytarılması qeyd olunmuşdu. Daha sonra Noyabrın 20-də Ağdam, Noyabrın 23-də Kəlbəcər Azərbaycana təhvil verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
"