ADPU-da “Psixologiya zirvəsi: problemlər, perspektivlər və yeni yanaşmalar” beynəlxalq konfransı keçirilib

İyulun 25-26-da “Müasir Azərbaycan Psixoloqları“ İctimai Birliyinin və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təqdimatı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təşkilati dəstəyilə “Psixologiya zirvəsi: problemlər, perspektivlər və yeni yanaşmalar” beynəlxalq konfransı keçirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən “Bakı-Xəbər”ə verilən məlumata görə, ADPU-da gerçəkləşən və 2 gün davam edən beynəlxalq konfrans, ümumilikdə, 14 spiker olmaqla, 10 nəfər yerli və 6 nəfər xarici mütəxəssisi öz ətrafında birləşdirib. Qeyd etmək lazımdır ki, bu beynəlxalq konfransın keçirilməsi ilə Azərbaycanda psixologiya elminin inkişafı naminə böyük bir ilkə imza atılıb. Bu dəfə psixologiyanın zirvəsində dayanan peşəkarlar bir araya gələrək bu sahəni seçən və bu sahəyə maraq göstərənlər qarşısında çıxış ediblər. Böyük bir komandanın əməyi ilə təşkil olunan konfrans ölkəmizdə psixologiya elmi sahəsində atılan mühüm bir addım olub.

Konfransın ilk gününə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra konfrans iştirakçılarına söz verilib. Məruzəçilər - Bakı Dövlət Universitetinin (BDU) Psixologiya kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədr müavini, “Müasir Azərbaycan Psixoloqları“ İctimai Birliyinin İdarə Heyətinin sədri, professor Bəxtiyar Əliyev, ADPU-nun rektoru, professor Cəfər Cəfərov, spikerlər sırasında olan MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov və professor Hasan Bacanlı, Azərbaycan Respublikasının baş narkoloqu, Respublika Narkoloji Mərkəzinin direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Araz Manuçehri-Lalei, professor Mehmet Engin Deniz və Psixologiya Elmi-Tədqiqat İnstitutunun direktoru Elnur Rüstəmov açılış nitqi ilə iştirakçıları salamlayıblar, həyata keçirilən layihənin mahiyyətini vurğulayıblar, konfransın fikir mübadiləsi aparmaq, yeniliklərlə tanış olmaq, qabaqcıl beynəlxalq təcrübəni öyrənmək üçün əlverişli imkan yaratdığını bildirərək öz təbrik və dəstəklərini ifadə ediblər, konfransın işinə uğurlar arzulayıblar.

Beynəlxalq konfrans çərçivəsində, həmçinin, ADPU ilə Psixologiya Elmi-Tədqiqat İnstitutu arasında elm və təhsil sahəsində əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu ADPU-nun rektoru, professor Cəfər Cəfərov və BDU-nun Psixologiya kafedrasının müdiri, AMEA-nın  müxbir üzvü, MM-in Elm və təhsil komitəsinin sədr müavini, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının sədri, “Müasir Azərbaycan Psixoloqları“ İctimai Birliyinin İdarə Heyətinin sədri, professor Bəxtiyar Əliyev imzalayıblar.

Sonra plaketlər təqdim edilib.

Ardınca konfransın elmi hissəsinə keçid olub. Konfransın birinci günündə 13 nəfər spikerin təqdimatında 9 məruzə və 4 workshop təşkil olunub. Qeyd olunan ardıcıllıqla və müəyyən fasilələrlə professor Bəxtiyar Əliyev “Şəxsiyyət mədəniyyətlərin kəsişməsində: sosial-psixoloji təhlil”, professor Səməd Seyidov “Şəxsiyyət, yaradıcılıq, fəaliyyət, qarşılıqlı əlaqə və paradokslar”, professor Hasan Bacanlı “Değer eğitimi: Değer bilinçleşdirme yaklaşımı”, BDU-nun Gender və psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, professor Rəna İbrahimbəyova “Multikulturalizmin psixoloji aspektləri”, ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf  Zamanov “Psixologiya elm sahələri üzrə elmi və elmi-pedaqoji kadrların hazırlanması: reallıqlar, perspektivlər”, dosent Çiğdem Yavuz Güler “Psikoterapide hatalar”, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Sosial psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin (ADU) Psixologiya kafedrasının dosenti Ceyhun Alıyev “Yaradıcı liderlik və kollektiv düşüncə”, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Nərmin Quliyeva "Psixoloji məsləhətdə müasir yanaşmalar", Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Nəzəri və eksperimental psixologiya şöbəsinin müdiri, ADPU-nun Ümumi psixologiya kafedrasının baş müəllimi, NLP təlimçisi, psixologiya üzrə fəlsəfə doktoru Məhərrəm Əliyev “Psixologiya və NLP: axtarışlar, perspektivlər” mövzularında məruzələrini təqdim ediblər. İştirakçıların yalnız bir təqdimatı seçməsi şərtilə dosent Tuğba Sarı "Pozitif psikoterapi ve terapide hikayelerin kullanılması", professor Ertuğrul Köroğlu “Bilişsel davranışçı terapilerle pozitif psikolojinin bütünleştirilmesi”, “Narınc” Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova "TAT (Tematik Algı Testi) nədir və onun tətbiqi", professor Mehmet Engin Deniz “Psikolojik danışmada öz-anlayış odaklı yaklaşım” mövzularında workshoplar təşkil ediblər.

Konfransın ikinci günündə 8 nəfər spikerin təqdimatında 6 fərqli mövzuda məruzə və 3 workshop təşkil olunub. Konfransa workshoplarla başlanıb. Dosent Tayfun Doğan “İyi yaşamın bilimi: pozitif psikoloji”, dosent Çiğdem Yavuz Güler “İlişkinin terapisi: ana hatları ve yol haritası”, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Nəzəri və eksperimental psixologiya şöbəsinin müdiri, ADPU-nun Ümumi psixologiya kafedrasının baş müəllimi, NLP təlimçisi, psixologiya üzrə fəlsəfə doktoru Məhərrəm Əliyev “Metamodel və onun psixoterapiyada istifadə imkanları” mövzularında workshoplar təşkil ediblər. Ardınca məruzələrə keçid edilib. Dosent Tuğba Sarı “Pozitif aile terapisi teknikleri”, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya elmləri doktoru Elxan Bəylərov “Təhsildə psixoloji xidmətə yeni baxış”, dosent Tayfun Doğan “İyi yaşamın bilimi: pozitif psikoloji”, professor Mehmet Engin Deniz ”Teknoloji bağımlılığı uyum mu, sorun mu?” , Psixologiya Elmi-Tədqiqat İnstitutunun direktoru Elnur Rüstəmov “Evlilik öncəsi psixoloji konsultasiya”, professor Ertuğrul Köroğlu “Ruh sağlığı için akılcı düşünme, mutluluk ve esenlik bakış açısı” mövzularında məruzələrlə çıxış ediblər.

Sonra təntənəli bağlanış mərasimi keçirilib. Sonda isə bütün iştirakçılara sertifikatlar təqdim edilib.

https://www.baki-xeber.com/sosial/93130.html



"