Azərbaycanda psixologiya elminin inkişafında professor Bəxtiyar Əliyevin rolu

Ötən əsrin 70-ci illərində Amerika futuroloqları  dünyada  gedən prosesləri, elm və texnikanın sürətli  inkişafını və sair faktları təhlil edərək belə qənaətə gəlirdilər ki, XXI əsr psixologiya əsri olacaqdır. Həyat sübut etdi ki, həmin futuroloqlar  öz dediklərində yanılmayıblar. Dünyada baş verən hadisələri, qloballaşma, millətlərarası münasibətlərin dərinləşməsi, eləcə də konfliktlərin artması, informasiya-kommunikasiya texnologiyalarının  geniş  yayılması və s. insan amilinə marağı daha da artırır. İnsan amilinin yaratdıqları, istər pozitiv olsun, istərsə də neqativ, insanın özünü heyrətləndirir və onu özünə, öz daxili aləminə nəzər salmağa təhrik edir.  Psixologiya əsri peşəkar psixoloqlara olan ehtiyacı da artırır. Bununla belə hələ ötən əsrin əvvəllərindən başlayaraq, xüsusilə  ABŞ-da psixologiya nəzəri  elm sahəsi olmaq funksiyasını yerinə yetirməklə yanaşı praktik sahələri də əhatə etməyə başladı və demək olar ki, bu gün psixologiyanın nüfuz etmədiyi  həyat və  fəaliyyət  sahəsi tapmaq mümkün deyildir.  Ona görə də inkişaf etmiş dünya dövlətlərində peşəkar psixoloqların  hazırlanmasına xüsusi  diqqət  yetirirlər. Azərbaycan Respublikası da həm dünyada gedən  prosesləri, həm Azərbaycan xalqının düşüncə və təfəkkür tərzini, sosiomədəni inkişaflarını nəzərə alaraq milli  mənliyimizi, milli mədəniyyət və mənəviyyatımızı qorumaq şərtilə Qərbə inteqrasiya  kursunu həyata keçirir. Bu isə yeni keyfiyyətin, düşüncə tərzinin formalaşdırılmasını tələb edir. Bu asanlıqla  baş vermir, insanlarda yeni məzmunlu motivasiya-tələbat sferasının yaranmasını  şərtləndirir.

İnteqrasiya, qloballaşma yalnız müsbət dəyişikliklərə deyil, həm də mənfi tendensiyaların yaranmasına səbəb olur. Hər kəsə məlumdur ki, indi dünyada narkotika istifadəçilərinin sayı günbəgün  artır. Aqressiya, suisid halları, sosial normaların pozulması, deviant davranış və s. bu kimi neqativ halların artması Azərbaycanda da müşahidə olunur. Psixi sağlamlığın  qorunması, qarşılıqlı münasibət və ünsiyyətin qurulması, maddi  kapitalın insan kapitalına çevrilməsi, rəqabətəqabil şəxsiyyətlərin formalaşdırılması həm də psixoloji problemdir. Göründüyü kimi, psixologiya elminə, onu reallaşdıran psixoloq kadrlarına olan ehtiyac günbəgün artır. Elmin inkişafı isə başlıca olaraq iki amillə: sosial mühit, onun tələbləri və ondan az əhəmiyyət kəsb etməyən tələblərə uyğun nəzəriyyə və ideyaları irəli sürən  alimin səriştəliliyi, peşəkarlılığı, şəxsi keyfiyyətləri ilə bağlıdır. Bu keyfiyyətlər isə hər kəsə deyil, yaradıcı idraka, təxəyyülə, güclü iradəyə, yorulmadan, bezmədən məqsədyönlü fəaliyyət göstərə bilənlərə nəsib olur.

İnkişaf etmiş Qərb dövlətləri, eləcə də Rusiya ilə müqayisədə Azərbaycanda elmi psixologiya çox-çox sonralar XX əsrin 20-ci illərindən yaranmışdır. Məlumdur ki, istənilən elm sahəsinin yaranması və inkişafı, böyük uğurlar  qazanılması qısa bir müddət ərzində mümkün deyildir. Bu mənada Azərbaycan psixologiya elminin inkişafını,  nailiyyətlərini inkişaf etmiş ölkələrin nailiyyətləri ilə müqayisə etmək mümkün deyildir. Bununla belə, öz yaradıcılıqları ilə Azərbaycan psixologiya elmini inkişaf etdirən, ən azı keçmiş SSRİ məkanında tanıtdıran görkəmli psixoloqlarımız olmuşdur. Onların sırasında  ötən əsrin 20-ci illərinin sonlarında Azərbaycanda ilk psixologiya laboratoriyalarının  yaradıcısı  F.Ə.İbrahimbəyovun, Ə.K.Zəkizadənin, A.O.Makovelskinin, M.C.Məhərrəmovun, 70-ci illərdə, professorlar  Ə.S.Bayramovun, Ə.Ə.Əlizadənin, M.Ə.Həmzəyevin adlarını iftixarla çəkmək olar. Eyni zamanda 70-ci illərdə, professor  Ə.Ə.Əlizadənin  sözləri ilə desək,  "Azərbaycanın  psixoloji  elitası çox solğun  görünürdü".  Həmin  dövrdə  psixologiya  elminin  ağırlığını  yalnız  3  nəfər-professorlar Ə.S.Bayramov, Ə.Ə.Əlizadə M.Ə.Həmzəyev daşıyırdı.

90-cı illərdə Azərbaycan psixologiya elmində bir canlanma  baş verdi. Bu canlanmanın səbəblərindən biri respublikamızın müstəqillik əldə etməsi ilə yaranan münbit şərait, digəri psixologiya elminə olan tələbatın artması idisə, üçüncüsü də yeni nəsil psixoloqların fəaliyyətə başlaması ilə əlaqədar idi. Professor Ə.Ə.Əlizadə yazır ki, "onlar birdən-birə Azərbaycan psixologiyasına yeni və işıqlı nəfəs gətirdilər". Onların sırasından Moskva Dövlət Universitetinin psixologiya fakültəsinin sayılıb-seçilən məzunlarından olan Bəxtiyar Əliyev xüsusilə fərqlənir, seçilirdi. XX əsrin görkəmli psixoloqlarının rəhbərliyi ilə böyük psixoloji məktəb keçmiş Bəxtiyar Əliyev tezliklə öz əsərləri ilə diqqəti cəlb etməyə başladı.

Professor Ə.Ə.Əlizadə daha sonra yazır: "Professor B.H.Əliyevin AMEA-nın müxbir üzvü seçilməsi ilə, mənim fikrimcə, XXI əsr Azərbaycan psixologiyası tarixində yeni mərhələ, necə deyərlər, akademiya mərhələsi başlayır".

Ötən əsrin 80-ci illərində Azərbaycanda, eləcə də SSRİ-də psixologiya elmi o qədər də nüfuzlu elm sahəsi hesab olunmurdu. Elə cəmiyyətdə də psixologiya elmi haqqında o qədər geniş məlumat yox idi. Məlumatı olanlarda  da səhv təsəvvür vardı. Halbuki həmin dövrdə xarici ölkələrdə, xüsusilə ABŞ-da və Qərbi Avropada psixologiya elmi sürətlə inkişaf edir, yeni istiqamət və nəzəriyyələr yaranır, praktikada geniş tətbiq olunurdu. Məhz belə bir vaxtda -  1978-ci ildə Bəxtiyar Əliyev Moskva Dövlət Universitetinin psixologiya fakültəsini seçir və qəbul olunur.

Ötən əsrin 30-cu illərinin  ortalarınadək Rusiyada psixologiya elmi böyük nailiyyətlər qazanmış nüfuzlu psixologiya məktəblərindən sayılırdı. Hələ  XIX əsrin sonlarından başlayaraq Moskva və Sankt-Peterburq  məktəbləri əsasən fərqli istiqamətlərdə tədqiqatlar aparırdılar.  Moskva  psixologiya məktəbi daha çox fəlsəfi, Sankt-Peterburq məktəbi fizioloji, psixofizioloji istiqamətə üstünlük verirdi. Fəlsəfi istiqamət Bəxtiyar  Əliyevə də  öz təsirini göstərməyə bilməzdi. Tələbəlik illərində çalışqanlığı, psixologiyaya olan hədsiz sevgisi müəllimlərinin də diqqətini cəlb edir. Universiteti qurtardıqdan sonra Moskvada ona bir neçə iş təklif olunsa da Bakıya qayıdır  və 1983-cü ildə Bakı Dövlət Universitetində baş laborant kimi fəaliyyətə başlayır.

Moskva  psixologiya məktəbinin təsiri, özünün maraq dairəsi, eləcə də hələ 80-ci illərin ortalarından  başlayan yenidənqurmanın təsirilə baş verən milli oyanış bu istiqamətdə tədqiqatları aktuallaşdırmışdı. Təbii ki, Bəxtiyar Əliyev də respublikamızda bu sahədə elmi araşdırmalar aparan ilk tədqiqatçılardan olmuşdur. 1989-cu ildə "Millətlərarası ünsiyyət sosial-psixolji təhlil obyekti kimi" mövzusunda dissertasıya müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alır. Həmin dissertasiyasında, Qarabağ hadisələrinin ilkin başlanğınc mərhələsində olmasına baxmayaraq, ilk dəfə olaraq, Dağlıq Qarabağ Muxtar Vilayətində baş verən hadisələrə, ermənilərin davranışına və onları səciyyələndirən mənfi keyfiyyətlərə diqqəti çəkmiş, münaqişənin sosial-psixoloji köklərini araşdırmış, respublikada milli dilə burada yaşayan hər bir vətəndaşın hörmətlə yanaşmasının və Azərbaycan dilini bilməsinin vacibliyi  kimi məsələləri araşdırmışdır. 1988-ci ildə belə fikirləri elmi surətdə əsaslandırmaq və Moskvaya göndərmək, xüsusən də orada ermənilərin yüksək vəzifələri tutmasını nəzərə alsaq, əlbəttə, böyük cəsarət tələb edirdi.

Respublikamız müstəqillik əldə etdikdən sonra  bütün digər sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də, o cümlədən psixologiya elmi sahəsində də islahatların keçirilməsi zərurəti yarandı. Uzun illərdən bəri yığılıb qalmış çoxsaylı problemlər vardı. Müxtəlif universitet və institutlarda psixologiya kafedraları fəaliyyət göstərsə də yüksək ixtisaslı psixoloq kadrları hazırlanmırdı. 20 il idi ki, respublikada psixologiya üzrə  dissertasiya şurası yox idi. Bu dövrdə çox məhdud sayda respublikadan kənarda yalnız namizədlik dissertasiyaları müdafiə olunmuşdu. Praktik psixoloqların hazırlanmasından söhbət belə gedə bilməzdi. Dərslik, dərs vəsaitləri, monoqrafiyalar  isə həddən ziyadə az idi. İlk fundamental "Psixologiya" dərsliyi 1964-cü ildə nəşr olunmuşdu. 1982-ci ildə rus dilindən "Ümumi psixologiya" dərsliyi tərcümə olunaraq nəşr edilir. 1989-cu ildə isə professor Ə.S.Bayramov və professor Ə.Ə.Əlizadənin "Psixologiya" dərsliyi nəşr olunur. Halbuki həmin dövrdə psixologiya  elminin özündə nə qədər yeniliklər, yeni nəzəriyyələr meydana gəlmişdi. Bundan başqa, hər kəsə məlumdur ki, bütün ictimai elmlərdə olduğu kimi, psixologiyada da sovet ideologiyasında irəli gələn bəzi yanaşmalar mövcud idi.

Respublikada psixologiya elmləri üzrə cəmi dörd nəfər elmlər doktoru, professor fəaliyyət göstərirdi.

İqtisadi, siyasi, ideoloji sistem dəyişmişdi və bu da öz növbəsində psixoloji problem kimi təzahür edirdi. İnsanlar sanki birdən-birə gözləmədikləri mühitə düşmüşdülər. Demokratikləşmə, humanistləşmə, azad bazar iqtisadiyyatı kursu götürülmüşdü. Bu isə yeni keyfiyyətli şəxsiyyətlərin, təfəkkür və davranış tərzinin daşıyıcıları olan insanların formalaşdırılması zərurəti yaratmışdı. Cəmiyyətin psixoloq kadrlarına kəskin ehtiyacı hiss olunurdu. Təbii ki, sadalanan və sadalanmayan problemlərin həlli istiqamətində işlər görülməli idi və ilk addım da gözlənildiyi kimi BDU-da atıldı. 1993-cü ildə psixologiya elmləri üzrə ilk dəfə olaraq daimi fəaliyyət göstərən Dissertasiya Şurası yaradıldı. Dissertasiya şurasına  tanınmış psixoloqlar professor Ə.S.Bayramov - sədr, professor Ə.Əlizadə - sədr müavini, dosent Bəxtiyar Əliyev - elmi katib seçilirlər. 2000-ci ildən indiyədək isə AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev  psixologiya üzrə Dissertasiya Şurasının sədridir. Yarandığı vaxtdan bu günədək həmin Dissertasiya Şurasında 11 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. Onlardan 9 nəfəri onun sədrliyi dövründə müdafiə etmiş, o cümlədən beş nəfərinin  elmi məsləhətçisi professor Bəxtiyar Əliyev olmuşdur.

Yarandığı vaxtdan - 1919-cu ildən 90-cı illərin ortalarınadək Azərbaycanda yalnız ümumi və pedoqoji psixologiya üzrə kadrlar hazırlanmış, monoqrafiya və məqalələr bu istiqamətdə yazılmışdır. Yalnız 80-ci illərdən başlayaraq professor Ə.S.Bayramov və professor Ə.Ə.Əlizadənin  yazdıqları bir neçə məqalə və monoqrafiya sosial psixologiya sahəsinə aid idi. 90-cı illərdə isə məlum oldu ki, hüquq psixologiyası, klinik psixologiya, korreksion psixologiya, hərbi psixologiya, iqtisadiyyatın psixologiyası, idarəetmə psixologiyası və s. sahələrdə tədqiqatların aparılmasına, ixtisaslı kadrların hazırlanmasına ciddi ehtiyac var. Bu sahədə olan boşluqların doldurulması, tələbatın ödənilməsi üçün ilk addım yenə də professor Bəxtiyar Əliyev tərəfindən atıldı. 1998-ci ildə "Cinayət və mülki prosesdə məhkəmə-psixoloji ekspertizası problemləri" mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası respublikamızda bu sahədə aparılan ilk fundamental tədqiqat kimi qiymətləndirilə bilər.

Professor Bəxtiyar Əliyevin yaradıcılığı çoxşaxəlidir. Onun tədqiqatlarında ekologiyanın və sosial psixologiyanın fəlsəfi-psixoloji məsələləri, təhsil və tərbiyənin psixoloji əsasları, şəxsiyyətə yeni yanaşma və yeni müəllim modeli, insanın ekstremal şəraitdə davranışının tənzimlənməsi, suisidal davranışın psixoloji məsələləri, cinayət və mülki hüququn, həmçinin kriminologiyanın əsas məsələlərinin, xüsusi psixoloji biliklərin hüquq praktikasında tətbiqinin metodoloji əsasları, siyasətin, milli dövlətçilik və demokratik inkişafın sosial, fəlsəfi və psixoloji aspektləri, zabit hazırlığının psixologiyası və s.  problemlər araşdırılır.

Əlbəttə, bir alimin müxtəlif sahələr üzrə bu qədər tədqiqatlar aparması olduqca çətin və məsuliyyətli bir işdir. Nəzərə almaq lazımdır ki, bu sahələr üzrə respublikamızda  yetərincə peşəkar tədqiqatçılar yox idi. Yuxarıda deyildiyi kimi, psixologiyanın müxtəlif sahələri üzrə tədqiqatlara isə çox böyük ehtiyac var idi. Bəs, bu tədqiqatçılar necə yetişməlidirlər? Kimsə və ya kimlərsə bu sahələrdə ən azı istiqamətverici tədqiqatlar aparmalıdır. Hesab edirik ki, professor Bəxtiyar Əliyevin psixologiya elmi sahəsində ən böyük xidmətlərindən biri də budur. İndi yuxarıda sadaladığımız sahələrin hər biri üzrə psixoloq kadrları formalaşır.  Gözləmək olar ki, yaxın bir neçə ildə bu kadrların sayı artacaq. Yeni elmi istiqamətlərin, elmi-tədqiqat laboratoriyalarının, respublikanın tarixində ilk dəfə olaraq  elmi "Psixologiya" jurnalının yaradılması - elə təkcə bu fakta görə 2007-ci ildə professor Bəxtiyar Əliyevin AMEA-nın müxbir üzvü seçilməsi tamamilə qanunauyğun bir haldır. Bu hadisə psixologiya elm ictimaiyyəti, o cümlədən psixoloqlar tərəfindən xüsusi rəğbətlə qarşılandı. Professor Ə.Əlizadənin təbirincə desək, bu, psixologiya elminin inkişafında yeni mərhələ idi. Hesab edirik ki, bu, yalnız professor Bəxtiyar Əliyevin  deyil, bütövlükdə psixologiya elminin nailiyyəti kimi qəbul oluna bilər.

Hər bir elmin inkişafı, nailiyyətləri onun təbliği, aparılan tədqiqatların nəşr imkanları ilə bağlıdır. Bu mənada respublikamızda 1999-cu ildən nəşrə başlayan ilk və hələlik yeganə olan "Psixologiya" jurnalı bütövlükdə psixologiya elminin uğurlarından biri kimi dəyərləndirilir. Ötən müddət ərzində yaşlı və gənc tədqiqatçıların yüzlərlə məqaləsi, tədqiqatlarının nəticəsi məhz bu jurnalda işıq üzü görmüşdür.

Müasir dövrdə psixologiya elmi həm də praktik elmlər sisteminə daxil edilir. Təbii ki, respublikamızda da bu sahədə müəyyən işlər görülmüş və görülməkdədir. Artıq 20 ilə yaxındır ki, təhsil sistemində psixoloji xidmət fəaliyyət göstərir.

Bu sahədə 1500-dən artıq praktik psixoloq çalışır. 4552 məktəbin hamısı psixoloq kadrları ilə təmin olunmayıb. Eləcə də digər sahələr üzrə psixoloqlara çox böyük ehtiyac vardır. Onlara istiqamət verilməsi, təcrübələrinin ümumiləşdirilib yayılmasında da professor Bəxtiyar Əliyevin baş redaktor olduğu "Psixologiya" jurnalı əvəzsiz xidmətlər göstərir. Əlbəttə, jurnalın yerinə yetirdiyi böyük işlərlə yanaşı görməli olduğu işlər də çoxdur. İndi qloballaşma, inteqrasiya dövrüdür. Müxtəlif xalqların psixoloji xüsusiyyətlərinə dair materialların verilməsi, dünya şöhrətli psixoloqların əsərlərinin, nəzəriyyə və ideyalarının tərcümə edilərək  jurnalda daha geniş şəkildə əks olunması, fikrimizcə, faydalı olardı.

Həmçinin qeyd etməliyik ki, professor Bəxtiyar Əliyev 1984-1987-ci illərdə Azərbaycan televiziyasının birinci proqramında aylıq "İdrak" elmi-kütləvi verilişin müəllif-aparıcısı olmuşdur. Bu veriliş vasitəsilə elmin təbliği, gənclərin idrak maraqlarının inkişafı, onların elmi dünyagörüşünün formalaşdırılmasında əhəmiyyətli rol oynamış və rəğbətlə izlənilmişdir.

1879-cu ildə Almaniyanın Leypsiq şəhərində Vilhelm Vundtun yaratdığı ilk "Psixologiya laboratoriyası"nın fəaliyyəti sayəsində psixologiya müstəqil elm sahəsinə çevrildi. 1885-ci ildə V.M.Bexterevin Rusiyanın Kazan şəhərində yaratdığı  "Psixologiya laboratoriyası" Rusiyada psixologiya elminin inkişafında müstəsna rol oynadı. Azərbaycanda isə ilk psixologiya laboratoriyası 1926-cı ildə F.Ə.İbrahimbəyov tərəfindən yaradıldı. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, bu laboratoriyada nəinki respublikamızda, bütövlükdə, SSRİ miqyasında qəbul edilən, bəyənilən işlər görüldü. Yalnız  F.Ə.İbrahimbəyovun hazırladığı "İntellekt testləri"nin adını çəkmək fikrimizin təsdiqi kimi qəbul edilər. Ötən əsrin 60-cı illərində professor M.Ə.Həmzəyevin rəhbərliyi ilə Azərbaycan ETPEİ-də "Psixologiya laboratoriyası" fəaliyyət göstərmişdir. Bu laboratoriyada da xeyli dəyərli işlər görülmüşdür. Təəssüf ki,  bu laboratoriya da qısa müddət  fəaliyyət göstərmişdir.

Müstəqillik illərində  də "Psixologiya laboratoriyası"nın yaranmasına ehtiyac vardı. Yenə də professor Bəxtiyar Əliyev təşəbbüs göstərdi. 1999-cu ildə Bakı Dövlət Universitetində "Eksperimental psixologiya" elmi-tədqiqat laboratoriyası yaradıldı. Laboratoriyada psixologiyanın müxtəlif sahələri üzrə eksperimental tədqiqatlar aparılır.

Bu saydıqlarımız AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyevin elmi-pedaqoji fəaliyyətinin müəyyən bir hissəsidir. Təbii ki, görüləcək işlər də çoxdur.

İnanırıq ki, Moskva Dövlət Universitetinin məzunu, BDU-nun psixologiya kafedrasının  müdiri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev Azərbaycan psixologiya elminin xarici ölkələrdə daha da tanınması, Azərbaycan Psixoloqlar Cəmiyyətinin yaranması və s. həllini gözləyən məsələlərin həyata keçirilməsi istiqamətində  də liderlik rolunu öz  üzərinə götürəcəkdir.

Nə vaxtsa azərbaycanlı oğlan və qızlar dünyanın ən məşhur universitetlərində psixologiya üzrə təhsil alacaq, məşhur psixoloqlar kimi ölkəmizi, millətimizi layiqincə təmsil edəcəklər. Hələliksə bu istiqamətdə ilk addımlar atılır, müəyyən nəticələr əldə edilir və bu işdə professor Bəxtiyar Əliyevin rolu və xidmətləri danılmazdır.

Məşhur psixoloq Karl Yunqun  maraqlı bir fikri var: "Mənə müraciət edən xəstələrin üçdə biri kliniki nevrozdan yox, həyatlarının boş və mənasız olduğundan əziyyət çəkirlər. Onlar istəyirlər ki, kimsə onların qolundan tutub yüksəltsin. Həyatın tələbi isə başqadır. Həyatın axarından kənarda qaldıqlarına görə onlar daim özlərindən başqa hamını günahkar hesab edirlər ki, hər kəs onların istədiyi kimi olmalıdır".

AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev mənalı və dolğun həyat yaşayır, daim gələcəyə baxır və hamını gələcəyə yönəlikli uğurlu həyata ruhlandırır. Öz aramızda dediyimiz kimi, bizim Bəxtiyar müəllim gözəl bir gündə - 20 martda, doğma Qarabağda  anadan olub. Hər zaman (yerdə də, göydə də) sözünə sadiq bu nəcib insanı doğum günü münasibətilə təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq. 

Ramiz ƏLİYEV,

ADPU-nun ümumi psixologiya kafedrasının müdiri,

psixologiya elmləri doktoru, professor


Azərbaycan müəllimi.- 2014.- 28 mart.- S.5. 

http://www.anl.az/down/meqale/az_muellimi/2014/mart/359246.htm?fbclid=IwAR3V7w_b8LAPCvv-jE4OveaputWgwY8z_jALue2PFRT6lIWo5dZ4iFZkoik



"