İbtidai Sinif Müəllimlərinin II Təhsil Forumu (İSMF)

8 sentyabrda H.Əliyev Sarayında “Çinar Yayımları” nəşriyyatının təşəbbüsü, Respublika Təhsil Şurası, Azərbaycan Uşaq Fondu, Bakı Biznes Universiteti və Türkiyənin Okulistik şirkətinin təşkilatçılığı ilə İbtidai Sinif Müəllimlərinin II Təhsil Forumu (İSMF) keçirilib. Foruma iki mindən çox müəllim qatılıb.
Tədbirdə qonaq qismində millət vəkilləri Qənirə Paşayeva və Sona Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Asəf Zamanov, "Çinar Yayımları" nın təsisçisi Bəhram Oruclu çıxış edərək təhsil sahəsindəki prioritet məsələlərə toxunublar.
Məruzələr qismində Təhsil Şurasının sədri, Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsinin dekanı Hikmət Əlizadənin və Təhsil İnstitutunun Psixologiya və Yaş fiziologiyası şöbəsinin müdiri, Psixologiya Elmi-Tədqiqat İnstitunun Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru p.e.d. Elxan Bəylərovun, yazıçı, filologiya elmləri doktoru, professor Zahid Xəlilin çıxışları dinlənilib.
Elxan Bəylərov “Şagirdlərdə riyazi bacarıqların və məntiqi təfəkkürün inkişafı” adlı məruzəsində konservativ təhsil və sürətlə dəyişən gerçəklik haqqında fikirlərini paylaşıb. Vurğulanıb ki, təhsilimiz, yaşadığımız həyat tərzi cəmiyyətdə stereotip düşüncə tərzini formalaşdırır. Bu istiqamətdə 2018-2019-cu il tədris ilində tərəfimizdən aparılan “Dərs prosesi və Məntiq-zəka oyunları ilə şagirdlərin rəng seçimi (Lyüşer testi) arasındakı əlaqə”, “Şagirdlərin təlim motivləri və musiqi zövqləri” adlı tədqiqatlar göstərir ki, təlim strategiyaslarının, məktəb-sinif modelinin məzmun və keyfiyyətcə dəyişdirilməsi bu günün zəruri tələblərindəndir.
Digər tərəfdən qeyd edilmişdir ki, təlim prosesində şagirdlərin hərtərəfli və harmonik inkişafı üçün hər iki beyin yarımkürələrinin inkişafı əhəmiyyətlidir. Bizim təlim mühitində sadəcə sol yarım kürənin inkişafı şagirdin yaradıcılıq istiqamətində inkişaf imkanlarını məhdudlaşdırır. Riyazi bacarıqlar təkcə riyazi hesablama, məsələ həlli kimi qabiliyyətlərlə məhdudlaşmır. Riyaziyyat dərsində şagird təxəyyülünün inkişafı üçün müxtəlif səmərəli üsullar mövcuddur. Təəssüf ki, müəllimlər bu istiqamətə öz imkanlarını və şagird potensialını düzgün yönəltmirlər. Bu baxımdan məruzədə riyaziyyat dərsində şagird təxəyyülünün inkişaf yolları haqqında müəllimlərə təklif və tövsiyələr verilmişdir.
Sonda qabaqcıl müəllimlərə Forumun təşkilat komitəsinin təsis etdiyi Nəsib Bəy Yusifbəyli və Uğur mükafatları təqdim edilmişdir.


"