Koronovirusa qapı açan yanlış düşüncələr

Koronavirusun pandemiya halını alaraq bütün dünyaya sürətlə yayıldığı üçün dövlət rəsmiləri o cümlədən KİV və səhiyyə işçiləri üzləşdiyimiz təhlükə ilə bağlı ciddi xəbərdarlıqlar edir, əhalinin evdə qalmasını, zəruri hallarda küçəyə çıxarkən sosial məsafənin gözlənilməsini və qoruyucu davranışlara riayət etməyi artıq tələb edirlər. Çünki, bu cür qabaqlayıcı, qoruyucu tədbirlər və davranışlar virusun yayılmasının və xəstəliyə tutulmanın qarşısının alınmasına xidmət edir.
Pandemiyanın tüğyan etdiyi bir şəraitdə kiminsə yolxucu xəstəliyə tutulmamaq üçün qoruyucu davranışlara əməl etməməsi, dövlətin “evdə qal” çağırışına məhəl qoymaması məsuliyyətsiz hərəkətdir və insanlarına ölümünə etinasız və laqeyd olmaq qədər xain davranışdır. Biz insanların nə düşündüyünü görə bilməsək də onların davranış və hərəkətlərini müşahidə etməklə onlar haqqında müəyyən qənatə gələ bilirik.
Deməli, üzləşdiyimiz pandemiyanın ölkəmizdə yayılmasının qarşısını almaq hər birimizdən, tövsiyyə edilən qoruyucu davranışlara əməl etməyimizdən, fərd və millət olaraq inkişaf səviyyəmizdən asılıdır. Insanların nizam-intizama, qadağalara eləcə də birgəyaşayış qaydalarına hansı səviyyədə əməl etməsi onun inkişafı ilə əlaqəli olan psixoloji məsələdir.
Müşahidələr göstərir ki, bəzi adamlar sosial əlaqələrin məhdudlaşdırılması, ünsiyyət zamanı sosial məsafənin (2 metrdən ünsiyyət) saxlanılması ilə bağlı mütəxəssis çağırışlarına qarşı çıxaraq heç bir hadisə yoxmuş kimi sərbəst gəzib dolaşırlar. Bu cür davranışın səbəbi əsasən yalnış düşüncədən qaynaqlanır.
Bir qayda olaraq insanlar səbəblərə görə iş görür, inanclara görə isə hərəkət edərlər. Əgər adam açıq şəkildə yanlış davranırsa və ya ağılsız hərəkət edirsə deməli problem onun düşüncəsilə bağlıdır. Hər bir insanın fikri, hiss və hərəkəti onun inanclarına və düşdüyü sosial şəraitə əsasən baş tutur. Əgər onun davranış və hərəkətində eləcə də hisslərində yalnışlıq varsa deməli düşüncəsində nə isə səhv var. Koqnitiv psixologiyada fikirlərin belə yalnış axını “düşüncə xətaları” adlandırılır. Bu cür “düşüncə xətaları” hesabına adam yoluxucu xəstəliklə bağlı qoruyucu davraışlara əməl etmir, özünü sosial cəhətdən uzaqda (qarşı tərəfdən uzaqda) saxlaya bilmir. Bu cür düşüncə xətalarından biri səhv ümumiləşdirmədir.
Səhv ümumiləşdirmə. Insan bir qayda olaraq hər hansı bir problemi, yeni bir cismi və ya hadisəni qavrayarkən özünün və tarixin keçmiş təcrübəsinə istinad edir. Bəzi insanlar bu məntiqə əsaslanaraq hesab edirlər ki, koronovirus özünün əvvəlki “sələfləri” olan “donuz” və s. qriplərdən heç də qorxulu deyil. Bu cür yalnış qənaətə əsaslanaraq qoruyucu davraışlara, sosial uzaqlaşmaya əməl etmirlər. Ona görə də burada keçmiş təcrübə o qədər də faydalı deyil. Çünki, keçmiş təcrübə yeni virusun fərqli xüsusiyyətlərə və fərqli yayılma sürətinə malik olduğunu qəbul etməyə mane olur. Daha yaxşı qorunmaq üçün əvvəlki təcrübəni bir kənara qoyub yeni virusun daha “mükəmməl” xüsisiyyətlərə malik olduğunu qəbul edib ona qarşı mübarizə aparmaqdır.
Ikinci yalnışlıq insanda psixoloji müdafiə mexamizmindən qaynaqlanan problemi kiçiltməkdən ibarətdir. Koronovirus haqqında bir çox təsəvvürlər onun nə qədər riskli olduğunu azaldır. Bəzi insanlar “Koronovirus da əslində qripin bir növüdür fikri”ni daha çox paylaşırlar. Amma statistika koronovirusun yayılma və öldürcü qabiliyyətinin nə qədər güclü olduğunu göstərir. Əgər belə olmasaydı bütün dövlət strukturları bu qədər ciddi narahatlıq keçirməz, vətəndaşları evdə qalmağa çağırmazdılar.
Başqa bir düşüncə səhvi bu virusa yalnız yaşlıların yoluxması ilə əlaqədardır. Belə demək mümkünsə koronavirus heç kimin şəxsiyyət vəsiqəsini yoxlamır. Ölkədə elan edilmiş karantin rejiminin pozulmasına yol açan amillərdən biri də KİV –də yayımlanan “Bu əsasən yaşlılara dah çox təsir edir” fikridir. Bu fikir doğru olsa da o qənaətə gəlmək üçün əsas vermir ki, gənclər ona yoluxa bilməz. Bu doğru olsa belə qoruyucu davranışlara əməl etmək hamının borcdur.
Yalnış psixoloji qənaətdə olmaq.Adam özünün hissləri eləcə də fəhmilə də baş verə biləcək hadisə yaxud gözləntilərin doğru və yalan olacağı ilə bağlı müəyyən qənaətə gələ bilir. Bəzən olur ki, insan hansısa pis bir hadisənin baş verəcəyindən qorxur, ehtiyatlanır. Amma təcrübə bunu əksini göstərir və heç bir pis hadisə baş vermir. Deməli, hiss və qənaətimiz yanlış olur. Bunun əksi də baş verir. Imtahana hazırlaşmayıb lakin “Mən elə hiss edirəm ki, qiymət alacam” deyib lakin imtahanda uğursuzluqla üzləşən tələbələr də çox olur. Bu mənada bəzi adamların “alnıma nə yazılıbsa onu da görəcəm, koronovirus mənə heç nə edə bilməz” deyib arxayınlıqla küçədə dolaşması düzgün deyil. Ona görə belə düşünən adamlara tövsiyyəmiz odur ki, sizin virusdan qorxmamağınız virusun olması faktını inkar edə bilməz.
Falçılıq edənlər: Bəzi insanlar təcrübə və ümumiləşdirmələrə əsaslanaraq sanki, falçılıq edirlərmiş kimi heç bir pis hadisənin olmayacağı qənaətinə gəlirlər. Onlar bu cür yoluxucu xətəliklərlə bağlı keçmiş təcrübəyə, tarixi faktlara, ayrı-ayrı insanların o cümlədən bəzi həkimlərin və elm adamlarının söylədikləri və yazdıqlarına eləcə də ola bilsin şəxsi təcrübələrinə əsaslanırlar. Bu cür nikbinlik əslində yaxşı haldır. Əgər söhbət virusdan gedirsə onda biz bu sahədə çalışan və zəngin iş təəcrübəsi olan mütəxəssislərin- epidemoloqların məsləhətlərinə əməl etməliyik.
Özünü haqlı bilənlər. Nəhayət, “Mən azad insanam və istədiyimi də etməyə haqqım var” düşüncəsi ilə yaşayan bəzi insanlar sosial yöndən özünü insanlardan uzaqda tutmağa, sosial məsafəni gözləməyə meyilli olmur. Onlar ortaq bir problemi etmək üçün bir araya gəlməyin vacibliyini qeyd etsə də sosial uzaqlaşmanı soyuq münasibət kimi dəyərləndirir və bu işin daha çox kollektivçi mədəniyyətə sahib olan azərbaycan mədəniyyəti üçün səciyyəvi olmadığını qeyd edirlər. Belələri, salamlaşarkən məsafədən salamlaşmağı özünə yad bir davranış tərzi hesab edir, aid olduğu mədəniyyətin təsirindən çıxa bilmədiyi üçün yenə də görüşərək salamlaşırlar.
Onlar belə hərəkət etmələrini təhlükəsizlik kəmərindən istifadə etməməklə yalnız özünə zərəri olan şəxsi seçim kimi qiymətləndirir. Ancaq əslində təhlükəsizlik kəmərini taxmamaq özündən daha çox yaxınlarını, körpə uşağınızı risk altına qoymağa bənzəyir.
Bu inanclardan birini özünüzdə görürsünüzsə, onda inancınızı yeniləməyə çalışın və davranışınızı dəyişdirin. Düşüncə səhvlərinə yol verdiyinizi dərk edirsinizsə bu da yaxşıdır. Ən azından fərqli hərəkət edəcəyinizə ümid etmək olar. İnanclarımızı, həqiqətə uyğunlaşdıraq və qoy həqiqət, hərəkətlərimizə rəhbərlik etsin.
Bü gün bütün dünya çətin bir sınaqla üz-üzə qalıb. Bu ağır sınaqdan sağ və salamat çıxmağımız millətimiz və dövlətimiz üçün taleyüklü məsələ olduğu üçün hər birimiz əlimizdən gələnin ən yaxşısını edərək bir-birimizi qorumaq üçün “biz” şüuruna köklənməliyik.
Müəllif: Ceyhun Alıyev - Psixologiya Elmi-Tədqiqat İnstitutu
Sosial Psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru


"