Məşhur psixoloq vacib detalları AÇDI: Bu sürəti azaltmaq, harmoniyanı qorumaq üçün nəsə baş verməli idi...

Bütün dünyanın bəlasına çevrilən koronavirus insanların psixoloji vəziyyətinə ciddi şəkildə təsir edir. Uzunmüddətli karantin günlərində evdə qalmaq məcburiyyəti, sosial və aktiv həyatdan ayrılmaq, yeni qaydalara öyrəşmək asan iş deyil. Xüsusilə sosial mediada əsassız məlumatların yayılması narahatlığı artırır, mütəxəssislər isə “qorxmayın, tədbir görün” xəbərdarlığı edir.

Mövzu haqqında ətraflı məlumat verən Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov karantin müddətində koronafobiyanın qarşısını almaq üçün təsirli tədbirlərdən danışıb.

Ekspertin Publika.az-a müsahibəsini təqdim edirik:

Koronavirusun sosial həyatımızda yaratdığı dəyişikliklər psixologiyamızda nə kimi izlər qoya bilər? Emosional sağlamlığımızı necə qoruya bilərik?

- Koronavirus nəinki sosial həyatımıza ümumən indiki və bundan sonrakı həyatımızın bütün sferalarına öz təsirini göstərəcək. Bunun mənfi və ya müsbət olması psixoloji dayanıqlılıqdan çox asılıdır. Ona görə də sualınıza birmənalı cavab vermək çətindir. Hər bir insan həyatında bu və ya digər formada çətinliklərlə üzləşib. Bu həyatın qaydasıdır, kimsə bundan sığortalanmayıb. Biz bu çətinlikləri fərdi şəkildə, ən yaxşı halda lokal bir çevrədə yaşamışıq. Yaşadıqlarımızdan, daha geniş mənada desək, dünyagörüşümüzdən çıxış edərək çətinliyə qiymət verib və ona uyğun tədbir almışıq. Koronavirus isə pandemiyadır. Demək olar ki, bütün dünya xalqları bundan əziyyət çəkir. Virus qocaya cavana, varlıya, kasıba baxmır. Heç kim qorunmadığı təqdirdə ona tutulmamaqdan sığortalanmayıb. Ona görə də bugün baş verənləri hər insan öznəməxsus formada dəyərləndirir. Bu normaldır. Mütəxəssislər bununla bağlı yaxın gələcəkdə baş verənlərlə bağlı proqnozlar və çıxış yolu ilə bağlı təkliflər verirlər. Şübhəsiz ki, verilən proqnoz və eləcə də çıxış yolu elmi əsaslı, sübuta əsaslanmalıdır. Bunun üçün həm dünya praktikasına istinad etmək, həm də etnopsixologiyadan çıxış edərək müəyyən qabaqlayıcı tədbirlər görmək lazımdır. Şübhəsiz ki, o tədbirlərin böyük bir qismi pandemiaya bitəndən sonra proqram şəklində, mərhələli formada həyata keçirilməlidir.

Emosional sağlamlığı qorumaq üçün birmənalı şəkildə pozitiv məqamlara köklənməliyik, özümüzü buna məcbur etməliyik. Rəsmi məlumatlara istinad etməli, qoyulan tələblərə riayət etməliyik. Bu gün verilən qərarlar virusdan qorunmaq xarakteri daşıyır. Qaydalara nə qədər məsuliyyətlə yanaşarıqsa, bir o qədər təhlükəsizliyimizi qorumuş olarıq.

Karantin günləri getdikcə uzanır, qaydalarsa daha da sərtləşir. Bu halda depressiyaya düşməmək üçün nə etməliyik? Çətin günlərdə stressdən dolayı çıxış yolumuz varmı?

- Koronavirusun problemli tərəflərindən biri insanların bir qisminin onu mövsümi qrip kimi dəyərləndirməsidir. Nəzərə almaq lazımdır ki, koronavirusdan fərqli olaraq biz mövsümi qripi çox yaxşı başa düşürük. Çünki, mövsümi qripin gedişatı olduqca dəqiq proqnozlaşdırılır. Ancaq biz koronavirusun nə ilə sonlanacağını hələ də dəqiq bilmirirk. Bu da təbii olaraq insanlarımızda psixoloji gərginlik yaradır. Köhnə viruslarla müqayisədə yeni virus barədə daha zəif anlayışımız var. Qaydaların sərtləşməsi, karantin müddətinin uzanması da bununla bağlıdır. Belə olan təqdirdə insanlarda narahatlığın, müxtəlif psixoloji problemlərin yaranması qaçılmazdır. Depressiya psixoloji pozuntuların biridir. Demək olmaz ki, belə hallarda bütün insanlar depressiayaya düşür. Xeyr, sadəcə psixoloji problemlər artır, bir qism psixoloji problemlər isə belə deyək, “inkubasiya dövrünü” yaşayır. Pandemiya bitəndən sonra ortaya çıxacaq. Bugün üçün ən böyük antidepressant sağ qalmaq, özünü və yaxınlarını bundan qorumaq üçün mübarizə aparmaqdır. Məqsəd bu olsa depressiya, stress və digər psixoloji problemlərdən sığortalanmış olarıq. Bu gün üçün hədəf maksimum qorunmaq, virusa tutulmamaqdır.

- Ümumiyyətlə, koronavirus fobyası immunitetimiz üzərində hansı təsirləri yaradır? Stressə qarşı müqavimətimiz nə qədər davam edə bilər?

- Qeyd etdiyiniz fobiya daha çox yanlış informasiyalardan dolayı yaranır. Yanlış informasiya isə daha çox sosial media üzərindən yayılır. Ona görə də mütəxəssislər belə situasiyalarda sosial mediyaya deyil, ənənəvi mediyaya üstünlük verilməsini tövsiyə edirlər. Əsas kimi də 2014-cü ildə Afrikadakı Ebola böhranı zamanı ABŞ mediasında yaranan qarışıqlığı göstərirlər. Amerikan psixoloqu Cohen Silver və həmkarları Ebola ilə əlaqəli psixoloji narahatlığı virusla bağlı mediada yayılan yanlış informasiya ilə əlaqəli olduğunu aşkar etmişdilər. Ona görə də biz bu prosesdə ənənvi mediaya, rəsmi məlumatlara istinad etməliyik. Sosial mediada isə rəsmi məlumat və təlimatların daha çox insanlara çatdırmağa vəsilə olmalıyıq. Əks təqdirdə ötürülən dezinformasiyalar stress və narahatlığı daha da kəskinləşdirə bilər. Məqsəd nüfuzlu mənbələrdən xəbərdar olmaqdır. Bununla yanaşı vacib məqam xəbərlərə nə qədər vaxt ayırdığımıza diqqət yetirməkdir. Çünki, qeyd etdiyiniz stressin yaranma səbəblərindən biri də dezinformasiyalarla yüklənməyimizdir.

Uşaqları koronavirusun mənfi təsirlərindən necə qoruya bilərik? Karantin günlərində uşaqlarımıza necə dəstək ola bilərik?

- Bunun ən asan yolu özümüzü qorumaqdır. Uşaq valideyni imitasiya edir. Əgər valideyn qoyulan tələblərə riayət edərsə, uşaqlarda xüsusi bir problem olmayacaq. O ki, qaldı uşaqlara dəstək olmağa, bunun üçün əlimizdə kifayət qədər internet və çap resursları var. Valideynlərdən o resurslardan düzgün faydalanmaq, uşaqla ünsiyyətdə tətbiq etmək tələb olunur. Başa düşürük, hər kəsin qayğısı var. Zatən o qayğılar dünən də var idi. Sadəcə bu gün uşaqlarla daha çox zaman keçirmək üçün valideynlərin əlində böyük bir fürsət var. Bundan doğru faydalanmaq həm uşaq psixikasına, həm də ailədaxili münasibətlərə müsbət təsirini göstərəcək.

Böyüklərin də ən az uşaqlar qədər təsəlliyə ehtiyacı var. Bu halda onlar üçün ən uğurlu təsir nə ola bilər?

- Əlbəttə, bu prosesdə böyüklərin qayğıları daha da artdı. Düşünürəm onlarda bununla paralel həyata münasibətlərində də fərqli düşüncələr yarandı. Həyatda heç kim, heç nədən sığortalanmayıb. Koronavirus faciədir, biz bunu anlayırıq. Ancaq o eyni zamanda bəşəriyyətə, insanlığa bir çox mesajlar da ötürmüş oldu. Sürət əsrində yaşayırıq. Bu sürəti azaltmaq, harmoniyanı qorumaq üçün vəlvələ, ya da zəlzələdən nəsə baş verməli idi. Özü də qlobal müstəvidə. Əsas İnsanoğlunun bundan hansı dərslər alacağıdır. Çünki insanoğlunun bu müddətdə düşünməyə kifayət qədər zamanı oldu.

Karantin günlərindən necə səmərəli istifadə edə bilərik?

- Bu insandan insana dəyişir. Hər kəs bu müddətdən səmərəli istifadə etməyə çalışmalıdır. Birinci növbədə nizam-intizamlı olmalı, günlük rejimini formalaşdırmalı, bacardığı qədər ona əməl etməlidir. Çünki, ən böyük problem rejimsizlikdir. Şəxsən mənim günlük rejimimdə xüsusi bir dəyişiklik yoxdur. Əvvəl hansı saatda yuxudan oyanırdımsa indidə o zaman yuxudan qalxıram. Əvvəl gündəlik olaraq işə gedirdim, indi isə iş otağıma keçib, yarımçıq qalan işləri tamamlamağa çalışıram. Ailəmə, uşaqlarıma zaman ayırıram. Məncə, nizamlı bir həyat yaşayan insan üçün karantin müddəti xüsusi problem yaratmayacaq. Şübhəsiz, yuxarıda da qeyd etdik qayğılar, çətinliklər var. Bu, danılmazdır. Bununla bağlı dövlət tərəfindən mütəmadi olaraq qabaqlayıcı tədbirlər görülür, inanıram ki, bundan sonra da görüləcək.

Günlərlə eyni ortamda qalmaq cütlüklərin münasibətinə necə təsir edəcək? Bu münasibətləri möhkəmləndirməyə xidmət edəcək, yoxsa əksinə?

- Düzdür, mütəxəssislər pandemiyadan sonra ailədaxili problemlərin artacağını qeyd edirlər. Əslində buna birmənalı qiymət vermək çətindir. Bu baxır cütlüklərin öncəki problemləri nə dərəcədə həll etmək istəklərinə. Zatən cəmiyyətimizdə ailədaxili problemlərimiz var idi. Karantin kimə fürsət, kimə qismət olacaq. Bu baxır onların niyyətinə. Arzu edək ki, koronavirus Azərbaycanda sağlam ailə təməlinin formalaşmasına bir vəsilə olacaq.

Sizcə, Azərbaycanda milli həmrəylik, ictimai məsuliyyət hissi, milli birlik bizə bu xəstəlikdən minimum zərərlə qalib gəlməyə imkan verəcək?

- Bəli, bu həmrəylik bizim bu fəlakətdən az itki ilə çıxmağımıza səbəb olacaq. Fikir verin, koronavirus müxtəlif peşə sahiblərinə qarşı illərlə yaranan stiqmanın aradan götürülməsinə vəsilə oldu. Bugün biz həkimlərin, polislərin, dövlət və özəl qurumlarda çalışan insanların həmrəyliyini görürük. İnsanların bir-birinə anlayış göstərdiyinin, bir-birinə dəstək olduğuna şahidlik edirik. Xilasımız Həmrəylik və Milli birlikdədir. İnanıram ki, bu günlər də arxada qalacaq.

Xalqımızın bu çətin günlərdə həqiqətən də psixoloq dəstəyinə böyük ehtiyacı var. Odur ki, dəyərli fikirləriniz üçün təşəkkürlər.

- Mən də sizə təşəkkürümü bildirərəm. İnsanlarımızı “Evdə qalmağa”, rəsmi məlumatları əsas götürməyə, tövsiyələrə əməl etməyə dəvət edirəm.

Aytən Məftun

https://publika.az/projects/xususi/309123.html?fbclid=IwAR2qZ5cr_IkDHoUzpO-2b8d-t5BfWLCCooKyW1Kel_40DBXJvg8_rgQ7b2M


"