Pandemiya psixologiyası: pandemiya zamanı qoruyucu davranışlar

Pandemiya sözü qədim yunan dilində olan pan (bütün, hamı) və demos (insanlar, xalq) sözlərindən yaradılmışdır. Bəşər tarixinin müxtəlif dövrlərində koronavirus kimi pandemiya halında yayılmış olan müxtəlif yoluxucu xəstəliklər olmuşdur. Misal olaraq qara vəba, xolera, ispan qripi, Honq Konq qripi, donuz qripi, HİV/AİDS kimi pandemiyaları göstərə bilərik.
11 fevral 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı ilk dəfə 2019-cu ildə Çinin Vuhan şəhərində təsbit edilən koronavirus adı altında yayılan xəstəliyin rəsmi adını açıqladı. Bu gün bütün dünyanı bürüyən korona virus pandemiyasının COVİD-19 adlanması ingilis dilindən “corona” (tac), “virus” və “deases” (xəstəlik) sözlərinin baş hərflərinin birləşdirilməsindən alınmışdır. 19 rəqəmi isə xəstəliyin təsbit olduğu 2019 cu ili bildirir.
Apardığımız müşahidələr eləcə də kütləvi informasiya vasitələrinin təqdim etdiyi materiallar göstərir ki, xəstəlikdən uzaq olmaq üçün insanların bir qrupu qoruyucu davranışlara əməl etdiyi halda digər qrupu buna əməl etmir, nə qoruyucu vasitələrdən istifadə edir, nə də fəaliyyət və gündəlik həyat tərzində heç bir məhdudiyyətə əməl etmirlər. Bəzi adamlar günlərlərlə evdən çölə çıxmadıqları halda, digərləri dostları ilə görüşür, ailə və qohumları ilə bir yerə yığışaraq məclislər keçirir, əylənirlər.
Sual olaraq qoyduğumuz məsələ belədir. Niyə bəzi insanlar pandemiya zamanı qoruyucu davranışlara uyğun hərəkət edir, digərləri isə buna əməl etmirlər? Bu yazıda qısa da olsa pandemiya ilə bağlı qoruyucu davranışların fərdi-psixoloji və sosial-psixoloji təhlilini verməyə çalışacağıq.
Yolxucu xəstəliklərdən qorunmaq üçün tətbiq edilən qoruyucu yaxud profilaktik davranışlar təxminən eyni olmuşdur. Buraya əlləri tez-tez yumaq və ya dezinfeksiya etmək, tibbi maska taxmaq, ev əşyalarını və paltarları dezinfeksiya etmək, yataq ağlarını tez-tez dəyişdirmək, öskürüb-asqırarkən ağız-burunu dəsmalla tutmaq, yerə tüpürməmək, ünsiyyətdə olarkən bir-birinə yaxın getməmək, əl-ələ görüşməkdən yaxud öpüşməkdən uzaq olmaq, siqaretdən və ya spirtli içkilərdən imtina etmək, izdihamlı yerlərdən uzaq olmaq, zəruri ehtiyac olmadan evi tərk etməmək, evin havasını tez-tez dəyişmək, sağlam və ya təbii qidalanma, sağlamlaşdırıcı idmanla məşğul olmaq və s. Pandemiya zamanı insanları sağlam davranışa yönləndirən səbəblər arasında aşağıdakıların daha çox müşahidə olunduğu qənaətindəyik:
1. Yaş faktoru. Müşahidələr göstərir ki, yaşlılar gənclərlə müqayisədə daha çox ehtiyatlı hərəkət edir və qoruyucu davranışlara əməl edirlər. Yaşlıların pandemiyanı ciddiyə alma səbəbləri KİV- də yaşlı insanların immun sistemlərinin zəifliyi nəticəsində virusa qarşı müqavimətlərinin zəif olmaları haqqında edilən xəbərdarlıq, cavanlara nisbətən XX əsrdə baş verən bəlalardan (pandemiyalardan) və nəticələrindən daha çox xəbərdar olmaları, onlarda can sevgisinin güclü olması, daha böyük həyat təcrübəsinə malik olmalarıdır.
2. Dini inanc faktoru. Bu məsələdə dini inanc öz təsirini göstərir. Inanclı insanlar heç bir şeyin Allahın iradəsindən kənarda baş vermədiyinə inandıqları səbəbindən ölümü əcəl kimi qavrayır və onun Allahın hökmü ilə gerçəkləşdiyini qəbul etdikləri üçün qoruyucu davranışlara o qədər də əməl etmirlər. Belə yanaşma tərzi müxləlif yaş həddində olan inanclı insanlar arasında heç də birmənalı qəbul olunmur.
3. Cins fərqi. Qadınlar, kişilərə nisbətən qoruyucu davranışlara daha çox meyllidirlər və qoruyucu davranmağı başqalarından da gözləyirlər. Bu meyl daha çox cinsi mənsubiyyətdən, qadın fəhmindən və analıq hissindən qaynaqlanır. Qadınların emosional, həssas və həyata daha çox bağlı olmaları ən əsası isə onlarda evi, ailəni və övladı qorumaq onların sağ və salamat qalmasını təmin etmə qayğısının daha yüksək olması ilə əlaqəlidir. Ailəcanlılığı ilə seçilən azərbaycanlı beyni ailə qayğıları ilə bağlı fasiləsiz olaraq ətraf aləmdən informasiyanı alır və təhlil edir. Ona görə də yolxucu xəstəliklər olduğu halda qadınlar arasında qoruyucu davranışa əməl etmə daha çox müşahidə olunur.
4. Savadlı olmaq. Bilənlə bilməyən eyni olmaz! Daha çox savadlı, daim mütaliə edən, çox saylı müşahidələr nəticəsində zəngin həyat təcrübəsinə malik olan insanların pandemiya zamanı qoruyucu davranışlara meyl etmələri daha yüksəkdir.
5. Xarakter fərqi. Həyəcanlı insanlar pandemiya zamanı qoruyucu davranışlara daha çox əməl edir, verilən tövsiyəvə qadağalara uyğun hərəkət edirlər.
6. Rəsmi dairələrə güvənmək və etibar etmək. Rəsmiyyətə, yəni, idarəetmə strukturlarına, eləcə də səhiyyə sisteminə, o cümlədən həkimlərə güvənən, onlara inanan və etibar edən insanlar digərləri ilə müqayisədə verilən tövsiyələrə və məsləhətlərə riayət edərək qoruyucu davranışlara daha çox əməl edirlər.
7. Xəstəliyin nə dərəcədə ciddi olduğuna inanmaq. Yayılmış olan yoluxucu xəstəliklə bağlı bildiklərimiz bilmədiklərimizdən çox azdır. Bu baxımdan bəzi insanlar korona virusun törədəcəyi fəsadları ciddiyyətə almadıqları üçün qoruyucu davranışlara da əməl etmirlər. Amma, bunun əksinə xəstəliyə həssaslıq göstərən və xəstəliyi tam ciddiyyəti ilə qəbul edən insanların həqiqətən qoruyucu davranışlara riayət etdikləri diqqəti cəlb edir.
8. Sağlamlıq inancına malik olmaq və qoruyucu davranışın faydalarına inanmaq. Inanclar insanın davranış, fikir və hissini hərəkətə gətirən psixoloji qüvvədir. Sağlamlıq inancı ilə yaşayan insanlar qoruyucu davranışların faydalı olduğuna inandıqları üçün onları həyata keçirməkdə maraqlı olurlar.
9. Profilaktikanın müalicədən daha cox səmərəli və daha az xərc tələb etdiyinə inananlar. Bu fikir hamı tərəfindən qəbul edilir ki, həqiqətən xəstəliyin profilaktikasına çəkilən xərc onun müalicəsinə ayrılan xərcdən çox az olur. Bu fikirlə razılaşan və ona inanan şəxslər qoruyucu davranışlara daha ciddi əməl edirlər. Digər tərəfdən iynədən, dərmandan çəkinən şəxslər də qoruyucu vasitələrdən çox istifadə edir və adekvat davranışlara daha çox əməl edirlər. Maddi təminatın zəif olması da insanları daha ehtiyatlı olmağa və qoruyucu davranışlara əməl etməyə sövq edir.
10. Qoruyucu davranışa keçid. Pandemiyanın çoxalması xəbərinin yayılması ilə qoruyucu davranışa keçən adamların sayının artması arasında bir müsbət korelyasiya müşahidə olunur. Bir qayda olaraq insanlar potensial simptomlarla qarşılaşdıqda qoruyucu davranışa dərhal başlayırlar. Amma, bəzən bu gec ola bilər. “Arxadan atılan daş topuğa dəyər” misalında olduğu kimi. COVID-19 ilə qoruyucu davranışa (yəni mümkün simptomların yaşanması) başlamaq çox gec ola bilər.
Bunu nəzərə alaraq, insanları qoruyucu davranışlara təşviq etmək üçün KİV müvafiq işləri görməli, preventiv tədbirlərə əməl etmədikdə insanların COVID -19-a yoluxa biləcəkləri vurğulanmalıdır.
Bu pandemiyanın həm də fərqli sosial-psixoloji tərəfləri var. Onun tüğyan etdiyi ərəfədə insanların evdən çölə çıxmaması tösiyə olunur. Belə olduğu halda ailədə və ya evdə şəxsiyyətlərarası münasibətlərin düzgün tənzim olunması, bir-birinə qarşı daha həssas olması tələbatı yaranır. Xüsusilə, nəzərə aldıqda ki, pandemiya faktının özü dərk olunan və dərk olunmayan səviyyədə insanların əhvalına fikir, hiss və hərəkətlərinə öz təsirini göstərəcək. Ona görə də əlavə gərginliyin qarşısını almaq üçün şəxsiyyətlərarası münasibətlərə diqqət yetirmək, onun tənzimlənməsinə çalışmaq lazımdır. Şəxsiyyətlərarası qarşılıqlı münasibətlər elə qurulmalıdır ki, onlar insanın sağlamlığına müsbət təsir göstərsin. Bu düzgün qurulmadıqda insanların sağlamlığı o cümlədən psixi və psixoloji sağlamlığı ciddi zərər görür.
Tibb elminin banisi Əbu Əli İbn Sina yazırdı ki, mənəvi faktor, ilk növbədə xarakterin müvazinətli olması sağlamlıq və xəstəliyin ən mühüm şərtidir.İnsanlar birmənalı şəkildə qəbul etməlidirlər ki, sağlamlıq və xəstəlik insanın davranış və düşüncəsi ilə əlaqəli olan məsələdir.
Beləliklə, COVİD – 19 pandemiyası ilə bağlı yaradılan operativ qərargah, eləcə də bütün dövlət rəsmiləri, KİV sosial siyasətdə dürüstlük, şəffaflıq və qayğıkeşlik kimi psixoloji xüsusiyyətlər hesabına özlərinə etimad, güvən və inam hissini daha da dərinləşdirməlidirlər.
Bir məsələni də KİV–in nəzərinə çatdırmaq lazımdır ki, bu problemlə bağlı əhalini panikadan uzaq tutmaq üçün hər bir ölkə üzrə həmin xəstəlikdən ölən və xəstələnənlərin sayını dedikdə həmin ölkədə yaşayan əhalinin ümumi sayı da təqdim olunsun. Belə bir rəqəm insanlara müqayisə etmək imkanı verir. Bu da əsassız olaraq panikaya düşmənin qarşısını alır. Əks təqdirdə əhali sayı az olan ölkə vətəndaşlarının ölüm və xəstələnmə sayını ifadə edən rəqəmin əhalinin ümumi sayından təcrid olunmuş şəkildə eşitmələri panikaya yol aça bilər.
Yuxarıda qeyd etdiyimiz qoruyucu davranışların - pandemiya ilə bağlı narahatlıqdan qurtulmağın rasional yolu olması əhaliyə çatdırılmalıdır. İnanclı insanlara isə “Allaha təvəkkül et”, amma “qul” tədbiri olaraq qoruyucu davranışa əməl etmək tösiyəsi verilməlidir.
COVID-19 –a pandemiya kimi yox, bir sınaq dövrü kimi baxın. Pandemiya ərəfəsində valideynlərin çəkməli olduğu qayğılardan biri uşaqların psixi sağlamlığını qorumaqda onlara kömək etməklə bərabər onları inkişaf içində tuta bilməkdir.
Ümid edirik ki, məqalə əhalimizin pandemiyadan qorunmaqla bağlı hazırlıq səviyyəsinin yüksəlməsinə müəyyən qədər də olsa faydalı olacaqdır.
Müəllif: Ceyhun Alıyev
Psixologiya Elmi-Tədqiqat İnstitutu Sosial Psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru


"