“Hansı ölkəyə köçsəniz də, eyni insansınız”

“Hansı ölkəyə köçsəniz də, eyni insansınız” – Miqrasiya zamanı üzləşilən psixoloji problemlər mövzusunda f.ü.f.d. Elnur Rüstəmov Valyuta.az saytına müsahibə verib.

Xaricə iş üçün üz tutan şəxslər bəzən düşdükləri sosial mühitə uyğunlaşa bilmirlər. Bu da ciddi fəsadlara yol açır, bəzi şəxslər ağır depressiyaya düşürlər. Bu zaman intihar ilə nəticələnənlər hallar da olur.

Ümumiyyətlə, xaricə iş üçün gedən zaman nələrə diqqət yetirməliyik? Bizi orada iş mühitindən əlavə nələr gözləyir? Buna qarşı hansı psixoloji hazırlıq səviyyəsində olmalıyıq?

Bu barədə Valyuta.az-a danışan Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, məlum olduğu kimi iş üçün xaricə üz tutan, xaricdən gələn və yaxud istənilən yerdəyişmə prosesində olan insanların xarici ölkələrdəki sosial mühitə, mədəniyyətə, eləcə də qayda və qanunlara uyğunlaşması çətinliklə baş verir:

“Son aparılan araşdırmalar göstərir ki, xaricə üz tutan insanlar psixi sağlamlıq problemləri ilə bağlı daha çox risk altında olurlar. Bu, ən çox ekspat depressiyası şəklində özünü göstərsə də, əlamət olaraq əcnəbilər arasında stress, narahatlıq və təcrid halları kimi də özünü göstərir. Hətta onlar arasında intihara cəhd və intihar hallarının da olduğu müəyyənləşdirilib. 2020-ci ilin əvvəlinə qədər bu vəziyyət ən çox beynəlxalq köçün stressi, yeni ölkədə yaşamağın mədəni şoku və yüksək təzyiqli mühacir rolu ilə əlaqələndirilirdi. Qarşılaşacağınız həqiqət budur ki, iş və ya təhsil üçün hara köçsəniz də, yenə də eyni insansınız, eyni problemlərlə, eyni emosional tətiklərlə siz eyni şəxsiyyətsiniz. Ola bilsin ki, siz özünüzü yeni bir yerdə tapmısınız, lakin yenə də eyni insan olduğunuz üçün eyni cür çətinliklərlə üzləşəcəksiniz”.

Bəs xaricə iş üçün gedən zaman nələrə diqqət edilməlidir?

Psixoloq qeyd edib ki, hansısa ölkəyə köçməzdən əvvəl araşdırma aparmaq vacibdir: “Məşhur psixoloqların sözlərinə görə getdiyiniz ölkəni araşdırmaq həmin ölkəyə adaptasiya olmaqda sizə çox kömək olacaq. Köçməzdən əvvəl işləyəcəyiniz ölkə və təşkilat haqqında bir az araşdırma aparın. Yerin tarixi, coğrafiyası, siyasəti, iqtisadiyyatı və adət-ənənələri, geyim kodu, iyerarxiya, qərar qəbul etmə prosesi, rəy tərzi və iş-həyat balansı kimi iş mədəniyyəti haqqında məlumat əldə edin. Ümumi baxış əldə etmək üçün onlayn resurslardan, kitablardan, podkastlardan və ya videolardan istifadə edə bilərsiniz. Siz həmçinin orada işləyən və yaşayan insanlarla danışaraq və ya suallar verərək, eləcə də gələcək həmkarlarınızla tanış olaraq üzərinizdəki yükü azalda bilərsiniz”.

“İnsanların sizə tanış olmayan davranışını gördünüz…”

“Deyək ki mühitə düşdünüz və insanların sizə tanış olmayan və hətta narahat edəcək tərzdə davrandığını, ünsiyyət qurduğunu və ya işlədiyini görə bilərsiniz. Bu zaman mühakimə etmək və ya müqavimət göstərmək əvəzinə, açıq fikirli və hörmətli olmağa çalışmaq ən gözəl seçimdir. İnsanların necə qarşılıqlı əlaqədə olduğunu və reaksiyalarını müşahidə edin və dinləyin. Əmin olmadığınız və ya çaşqın olduğunuz şeylərə görə suallar verməkdən və izahat axtarmaqdan çəkinməyin. Ən əsası isə öz keçmişinizə və ya təcrübənizə əsaslanan fərziyyələr və ya stereotiplər irəli sürməkdən çəkinin” – deyə, o, vurğulayıb.

Olduğunuz mühitin dilini yaxşı öyrənmək

E.Rüstəmov əlavə edib ki, yeni iş mədəniyyətinə uyğunlaşmağın ən yaxşı yollarından biri həmkarlarınız, menecerləriniz, müştəriləriniz və digər əməkdaşlarla əlaqələr və şəbəkələr qurmaqdır:

“Bu, iş konteksini başa düşməyinizə, etibar və dəstək qazanmağınıza və işə daha çox bağlı hiss etməyinizə kömək edəcək. Siz həmçinin işinizə və ya maraqlarınıza uyğun sosial tədbirlərə, fəaliyyətlərə və ya qruplara qoşularaq təcrübələrinizi artıra bilərsiniz. Yeni iş mədəniyyətinə uyğunlaşmağın digər vacib strategiyası ölkənin və təşkilatın dilini və etiketini öyrənməkdir. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də mədəniyyətin, dəyərlərin və şəxsiyyətin əksidir. Dil öyrənmək sizə daha effektiv ünsiyyət qurmağa, anlaşılmazlıqlardan qaçmağa və özünüzü daha inamlı ifadə etməyə kömək edəcək”.

Miqrasiya zamanı psixoloji problemləriniz olursa…

Psixoloq həll olunmayan çətinliklər, narahatlıq və ya streslə qarşılaşdığınız zaman yerindən asılı olmayaraq mütəxəssis dəstəyi almağın mütləq olmasından da danışıb:

“Bu məsələdə digər bir vacib məqam isə əlaqədar qurumların adaptasiya ilə bağlı təlimlər keçməsi və dəstək proqramları yaratmasıdır. Belə təlimlər və dəstək proqramları miqrasiya zamanı yaranan və davam edən psixoloji problemlərin həllinə dair hər zaman öz töhfəsini verəcək. Yadda saxlamaq lazımdır ki, yeni mədəniyyətə və iş mühitinə uyğunlaşma bir gecədə baş verəcək hadisə deyil. Qarşılaşdığımız çətinliklər müəyyən dövrü əhatə edir və biz öhdəsindən gəldikdən sonra hər bir çətinlik mütləq ki, təcrübəyə çevriləcəkdir”.

https://valyuta.az/az/ekspert/41964/hansi-lkeye-kcseniz-de-eyni-insansiniz-miqrasiya-zamani-uzlesilen-psixoloji-problemler/