Liderlik mürəkkəb və çoxcəhətli hadisədir. Lider anlayışına və onun təbiətinə müxtəlif yanaşmalar mövcuddur. Bəzi müəlliflərin fikrincə, liderlik – bütün qrupa yönəlmiş və qrup tərəfindən qəbul edilən birmənalılığı və sabitliyi ilə səciyyələnən təsirdir (V.Kats, L.Edinqer). E.Boqardusun əlamətlər nəzəriyyəsinə görə, liderliyin mahiyyəti ayrı-ayrı şəxslərin müstəsna keyfiyyətləri ilə şərtlənir. Bu konsepsiyanın tərəfdarları liderə xas olan əsas keyfiyyətlərə bunları aid edirlər: ağıl, möhkəm iradə, məqsədyönlülük, təşkilatçılıq qabiliyyətləri, səriştəlilik.
Bu nəzəriyyənin başqa bir növü kimi faktor-analitik yanaşma da işlənilir. Onun tərəfdarları hesab edirlər ki, liderin siyasi məqsədlərə nail olmasını şərtləndirən fərdi keyfiyyətlər və əlamətlər var. Ona görə də liderlik konkret siyasi şəraitdəki məqsədlə şərtlənir. Lideri səciyyələndirmək üçün müəyyən siyasi şəraitdə onun qarşısına qoyduğu məqsədi təhlil etmək lazımdır. R.Stoqdill və T.Hilton isə şərait nəzəriyyəsini irəli sürürlər. Onların fikrincə, liderlik müəyyən sosial şəraitlə şərtlənir. İnsan yalnız o zaman lider ola bilər ki, bunun üçün real konkret şərait yetişsin. Buradan belə nəticəyə gəlmək olar ki, şəxsiyyət passivdir, o, şəraitin axarından tam asılıdır və hadisələrin gedişatını dəyişməyə qadir deyil. Bu fikir bəlkə də insanların siyasi fəallığının artıb-azalması konteksti üçün məqbuldur. Amma siyasi lider, xüsusən də ümummilli siyasi lider üçün məqbul sayıla bilməz.
Aparılmış tədqiqatlar göstərir ki, hər bir ölkədə gedən ictimai, siyasi, iqtisadi proseslər vətəndaşlarda müəyyən tip siyasi lider obrazı formalaşdırır. Bu və ya digər siyasi lideri qavrayarkən insanlar həmin ideal obrazdan çıxış edərık qiymətləndirdikləri siyasi liderdən konkret hərəkətlər gözləyirlər. Bu heç də o demək deyil ki, siyasi lider “gözlənilən” hərəkətləri edəcək. Əslində, siyasətçilər qarşılarına qoyduqları məqsədə çatmaq üçün həyata keçirdikləri fəaliyyət zamanı özlərinə xas olan şəxsi keyfiyyətləri davranışlarında təzahür etdirirlər. “Gözlənti” ilə real hərəkət üst-üstə düşməyəndə isə siyasətçi qrup tərəfindən “qəbul” edilmir. Belə olan halda isə lider tez bir zamanda autsayderə çevrilir və siyasi təsir imkanları məhdudlaşır. Əksinə, “gözlənilən” hərəkətləri edən siyasətçi yüksək reytinq qazanır. Lakin burada bir cəhəti nəzərdən qaçırmaq olmaz. Belə ki, dövlətin idarə edilməsi ictimaiyyətin “gözlədiyi” hərəkətlərin deyil, həmin dövrdə dövlətin maraqlarına uyğun, bəzən də ümuminin hazırki vəziyyətinə zidd olan qətiyyətli addımların atılmasını, qərarların qəbul edilməsini tələb edir. Birinci hal populist, ötəri siyasətçilərə xasdır, ikinci hal isə ümummilli liderə, tarixi siyasi şəxsiyyətə xas olan davranış tərzidir. Məhz elə buna görədir ki, belə tarixi siyasi şəxsiyyətlər müasirləri tərəfindən kifayət qədər başa düşülmür, onların böyüklüyü, dahiliyi lazımınca qiymətləndirilmir. Təbii ki, bu belə də olmalıdır. Ona görə ki, heç kimin görə bilmədiyini görmək, aşkar etmək və buna uyğun qərarlar qəbul edib qətiyyətlə həyata keçirmək dahi tarixi şəxsiyyətə xas bir keyfiyyətdir. Böyük əksəriyyətin və ya hamının gerçək olduğunu zənn etdiyinin yanlış olduğunu qabaqcadan duymaq, onun qarşısını alaraq cəmiyyəti ağır bəladan, faciədən qurtarmaq, ümumini səfərbər edib ardınca sona qədər aparmaq və onları öz ideyalarının daşıyıcısına çevirmək ümummilli liderin tarixi missiyasıdır.
Liderlik məsələsini araşdıran Hristian Harrison yazır: “Bu günə qədər liderlik termininin dəqiq tərifi yoxdur. R.Stoqdil (1974, s. 259) iddia edirdi ki, “…demək olar ki, konsepsiyanı müəyyən etməyə cəhd edən insanlar qədər liderliyin müxtəlif tərifləri var”. Bu, liderlik sahəsinə aid böyük həcmli nəşrlər və araşdırmaları nəzərə alsaq, aydındır”. Son 70 ildə “lider” anlayışına konseptual yanaşmaları müqayisəli cədvəlini verən H.Harrison qeyd edir ki, liderliyin qabiliyyət və davranış kimi qavranılmasından ona təsir prosesi kimi yanaşmaya keçidi görmək mümkündür. Yəni liderlik daha çox təsir prosesi kimi başa düşülür. Məsələn, Hemfil (1949) hesab edirdi ki, liderlik qrup fəaliyyətini idarə etməyə cəlb edilən fərdin davranışıdır. Amma R.Stoqdilə görə, “liderlik məqsəd qoymaq və məqsədə çatmaq istiqamətində səylərində mütəşəkkil qrupun fəaliyyətinə təsir prosesi (hərəkəti) kimi qəbul edilə bilər”. Uoren Bennisin fikrincə isə, liderlik “agentin tabeliyində olan şəxsi arzu olunan şəkildə davranmağa vadar etdiyi prosesdir”.
Qari Yukl da liderliyə proses kimi baxır və qeyd edir ki, liderlik başqalarının nə etməli, necə etməli olduğunu başa düşmək və razılaşmaq üçün sövq etmək prosesi və ortaq məqsədlərə nail olmaq üçün fərdi və kollektiv səyləri asanlaşdırmaq prosesidir.
Liderin fərdi keyfiyyətlərinin və qarşısına qoyulan məqsədlərin real mövqe ilə qarşılıqlı əlaqəsi nəticəsində onun “ikinci təbiətini” təşkil edən davranış tərzi formalaşır. Liderin üslubu və hədəf istiqaməti müəyyən sosial şəraitin izlərini daşıyır.
Maks Veberin liderlik nəzəriyyəsinə görə, digər institutlar zəif olduqda liderlər əhəmiyyətli təsirə malik ola bilər. Dövlətin iqtisadi inkişafının müəyyən edilməsi, demokratik dəyərlərin oturuşması, xarici dövlətlərlə milli maraqlar kontekstində qarşılıqlı münasibətlərin qurulması, sülhün və sabitliyin təmin edilməsi siyasi liderdən əhəmiyyətli dərəcədə asılıdır. Burada ölkənin demokratik seçkilər keçirilməsində uzun illər qazandığı təcrübəsi və ya yüksək iqtisadi inkişafı aparıcı, təyinedici amillər hesab edilə bilməz. Demokratik seçki nəticəsində seçilmiş dövlət başçısı, siyasi partiya rəhbəri səriştəsiz fəaliyyəti nəticəsində ciddi böhranların yaşanmasına səbəb olan davranışla yaddaşlara həkk ola bilər. Bununla bağlı istənilən ölkədən az və ya çox sayda misal gətirmək olar.
Tarixdə və siyasətşünaslıqda milli liderlərin hadisələrin formalaşmasında rolunu nəzərə alan yanaşmalar var. Determinist yanaşma tərəfdarları hesab edirlər ki, lider sosial hadisələrin baş verməsi və yönləndirilməsi baxımından ya çox az təsirə malikdir, ya da heç bir təsirə malik deyil. Böyük İnsan Nəzəriyyəsi tərəfdarları isə tarixi az sayda şəxslərin tərcümeyi-halı kimi nəzərdən keçirirlər.
Bəzi müəlliflər liderin təsadüfən meydana çıxması ilə bağlı fərziyyəni qəbul etmir və vurğulayırlar ki, lider cəmiyyətin inkişafında əhəmiyyətli, bəzən isə həlledici rola malik olmaqla yanaşı, milli iqtisadi artıma da əhəmiyyətli təsir edə bilir.
1840-cı illərdə Şotlandiya yazıçısı Tomas Karlayl tərəfindən irəli sürülən “Böyük İnsan Nəzəriyyəsi” əsl liderlərin doğulduğunu fərz edir. Liderlərin xarizma, zəka, müdriklik və ya başqa keyfiyyətlər vasitəsilə ehtiyac duyulduğu zaman yüksəlmək qabiliyyəti var. O, qəhrəmanların tarixi formalaşdırmaq üçün şəxsi xassələrdən və ya ilahi müdaxilədən istifadə etdiyini qeyd edirdi. Onun ən məşhur “Dünyanın tarixi, ancaq böyük insanların tərcümeyi-halıdır” sözü onun liderlərin doğulduğuna olan inancını əks etdirirdi. Böyük İnsan Nəzəriyyəsi XX əsrin əvvəllərinə kimi öz təsir gücünü saxlaya bilmişdi.
Liderliyə əsas yanaşmalardan biri də “əlamətlər nəzəriyyəsi”dir. Bu nəzəriyyəyə görə, fərdin malik olduğu səciyyəvi əlamətlər onu lider olmağa meyilləndirir və buna yaxşı imkan yaradır. Bu şəxsiyyət əlamətləri və ya davranış xüsusiyyətləri ailəyə xasdır və genetik olaraq ötürülür. Bu nəzəriyyə vurğulayır ki, liderlər onları uğur qazandıran bir çox ümumi əlamətlərə və xüsusiyyətlərə malikdirlər. Bu liderlik əlamətləri ya fərddə olan, ya da olmayan anadangəlmə və instinktiv əlamətlərdir. Əlamətlər nəzəriyyəsinin və xüsusiyyətlərin öyrənilməsinin əsasını qoyan Qordon Ollport və ondan sonrakı tədqiqatçılar liderin effektivliyi ilə fizioloji, demoqrafik, intellektual, vəzifə və sosial xüsusiyyətlərin qarşılıqlı əlaqəsi məsələsini gündəmə gətirdilər. Eyni zamanda, liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün fərdin olaraq nə edə biləcəyini araşdıraraq bu məsələni diqqət mərkəzinə gətirdilər.
Fövqəladə hallar nəzəriyyəsinə görə, liderlik təkcə insanın özü ilə bağlı deyil. Liderlik və liderlik üslubu şərait, ardıcılların keyfiyyəti və ya bir sıra digər dəyişən amillərdən asılıdır. Çünki ətraf mühitin daxili və xarici amilləri liderdən konkret şəraitə uyğunlaşmağı tələb edir. Bu nəzəriyyənin tərəfdarları hesab edirlər ki, bir təşkilatda lider kimi uğur qazanan şəxs başqa bir təşkilatda şəraitdən asılı olaraq uğurlu və ya uğursuz ola bilər. Bu halda lider olan şəxs deyil, təşkilat daxilində mühit, dinamika və kadr dəyişir.
Şərait nəzəriyyəsi fövqəladə hallar nəzəriyyəsinə çox bənzəyir. Effektiv liderlik lider, rəhbərlik edilən qrup və yerinə yetirilməsi tələb olunan vəzifələrlə müəyyən edilir.
Liderliyin davranış nəzəriyyəsi böyük liderlərin doğulmadığını, yaradıldığını fərz edir. Bu nəzəriyyə liderlərin şəxsiyyətinə və ya malik olduqları xüsusiyyətlərə deyil, fəaliyyətlərinə diqqət yetirir. Hesab edilir ki, müşahidə, öyrətmə və təcrübə vasitəsilə insan yaxşı lider ola bilər. Bu nəzəriyyə liderlərin müxtəlif vəziyyətlərlə qarşılaşdıqda lazımi cavab vermək üçün şərtləndirilə biləcəyi düşüncəsi ilə həmin şəraitdə necə davrandığına diqqət yetirir. Liderliyin davranış nəzəriyyəsini təmsil edən Kurt Levin liderliyin 3 tipini müəyyən etmişdir: avtoritar, demokratik və liberal. Avtoritar lider tabeliyində olanlarla məsləhətləşmədən təkbaşına qərarlar qəbul edir. Demokratik lider tabeliyində olanlarla məsləhətləşir, onların fikrini öyrənir və sonra qərar qəbul edir (onların rəyindən istifadə etməklə və ya istifadə etmədən). Liberal lider tabeliyində olanlara müstəqil qərar qəbul etmək imkanı yaradır və buna görə də vəzifənin öhdəsindən gəlməkdən başqa heç bir real liderlik rolu daşımır. K. Levinin fikrincə, bütün liderlər bu üç kateqoriyadan birinə aid edilə bilər.
Əsas suallardan biri ondan ibarətdir ki, özünü siyasi lider kimi təqdim edən və ya özünü siyasi liderlə eyniləşdirən şəxs siyasi proseslərə necə təsir edir? Və ya sual başqa cür də qoyula bilər. Məsələn, siyasi proseslər siyasi lideri müəyyənləşdirərək onu siyasi proseslərin önünə çıxarır, yoxsa siyasi proseslər özünün böhran mərhələsində prosesin axarını deyil onun keyfiyyətcə yeni mərhələyə keçidini təmin edə bilən siyasi liderin meydana çıxmasını diktə edir. Başqa sözlə desək, siyasi lider müəyyən həlledici məqamda siyasi prosesi idarəedilən prosesə çevirərək, yəni öz ideyasına kökləyərək siyasi münasibətlərin yeni arxitekturasını müəyyən edən şəxsiyyət kimi böyük sosial qrupun davranışını müəyyən edir və mənalandırır. Böyük sosial qrupun davranışını mənalandırmadan onun həmrəyliyini təmin etmək və sonda qrupun istədiyini ona vermək, qrupu müəyyən edilmiş məqsədə çatdırmaq mümkün deyil. Məqsədlə hərəkətlər, görülən işlər üst-üstə düşməlidir ki, son nəticə qrup üçün şəxsi məna kəsb etsin.
Siyasi lider özünün yaşadığı, inandığı, mənalandırdığı məqsədi sosial qrupun məqsədinə çevirməyi bacaran şəxsiyyətdir. Belə liderə malik olmayan böyük sosial qrup hərəkətə gəldikdən bir müddət sonra onun davranışı kütlə davranışının psixoloji mexanizmləri ilə tənzimlənir. Belə ki, bir tərəfdən, davranışın məqsədyönlüyü pozulur, digər tərəfdən, çoxluğun fikir və emosiyalarının şəxsləşdirilməsi və vahid birlik kimi qrup üzvlərinin identifikasiyası pozulur. Nəticədə idarə olunmaz proseslər baş verir, idarə olunan sosial qrup kütləyə çevrilir və impulsiv, aqressiv davranışın təzahürü üçün əlverişli şərait yaranır. Çünki hərəkətə gələn sosial qrup məqsəd aydınlığını itirdikdə qarşıya qoyulmuş vəzifələri həll edə bilmir və sosial qrupda qrupdaxili təzyiq güclənir. Bu zaman yaranan güclü enerji yaradıcı fəaliyyətə deyil, dağıdıcı fəaliyyətə yönəlir.
Tarix və tarixdə şəxsiyyətin rolundan danışarkən iki mühüm məsələni qeyd etmək lazımdır. Birincisi, tarixi şəraiti və onun tələblərini, ikincisi, liderin şəxsiyyəti və onun keyfiyyətlərini. Bu baxımdan XX-XXI əsrlərin görkəmləri siyasi liderlərinin şəxsiyyətlərinin tədqiqinə həsr edilmiş elmi araşdırmaların müqayisəli təhlilini də aparmaq olar. Lakin bütün bu tədqiqatları birləşdirən bir neçə məsələni qeyd etmək lazımdır. Fəlsəfi, sosioloji, politoloji və psixoloji araşdırmalarda dövlətin və xalqın təşəkkül tarixində şəxsiyyətin roluna xüsusi önəm verilsə də, şəxsiyyətin siyasi liderə çevrilməsi və tarixi proseslərə təsir edərək onları müəyyən məcraya yönəldə bilmək imkanı haqqında ziddiyyətli fikirlər ortaya qoyulur. Ən azından iki maraqlı və metodoloji əhəmiyyətə malik yanaşmanı qeyd etmək istərdik. Birinci fikir ondan ibarətdir ki, liderlik həyatda qazanılmır və bu qabiliyyət anadangəlmədir. İkinci fikir isə ondan ibarətdir ki, liderlik anadangəlmə qabiliyyət deyil və fərdin şəxsiyyət kimi təşəkkülü prosesində formalaşan inteqrativ keyfiyyətdir.
Heydər Əliyev Azərbaycanın 1991-ci ildə yenidən əldə etdiyi müstəqilliyinin 1991-1993-cü illərində baş verən hadisələrdən danışarkən dövlət quran, yönəldən, inkişaf etdirən siyasi lideri belə səciyyələndirir: “Azərbaycan kimi bir dövlətdə hakim, yəni başçı olmaq üçün ağıl, zəka, insani keyfiyyətlər, mərdlik, cəsurluq, böyük təcrübə, dövlətçilik təcrübəsi və bir çox başqa xüsusiyyətlər lazımdır. Ən əsası isə – xalqa sədaqət lazımdır”. Ulu öndər burada liderliyin dövlətə, xalqa xidmət olduğunu ön plana çəkir.
Liderliyə fenomenoloji yanaşmada, ilk növbədə, lider olmağı mümkün edən dörd əsas məqamı qeyd edilir: 1)liderin xüsusiyyətləri; 2)yerinə yetirməyə çalışdığı vəzifələr; 3)onun ardıcılları və seçiciləri; 4)onların qarşılıqlı əlaqə sistemi, lider və onun komponentləri arasında əlaqə mexanizmi.
Əsl lider o insan ola bilir ki, heç bir rəsmi səlahiyyəti, vəzifəsi olmasa da başqalarının potensialını birləşdirməyə və ümumi məqsədə yönəltməyə imkan verən güc nümayiş etdirir. Güc liderliyin zəruri komponentidir. Güc şəxsə heç bir rəsmi səlahiyyət verilməsə də, əsasən, ünsiyyət qurmaq və başqalarını əhəmiyyətli bir məqsədə çatmaq üçün səylərə qoşulmağa inandırmaq qabiliyyətinə əsaslanır. Bəzən insan çox çətin bir işə başlayanda hansısa bir qüvvəyə müraciət edərək deyir ki, ilahi, sən mən güc, qüvvət ver. Bu çağırış daxili potensialın, psixi enerjinin səfərbər edilməsinə yönəlir. Daxildən gələn bu güc nəinki şəxsin özünü, həm də onun ətrafında olan insanları hərəkətə gətirir. Biz buna Peyğəmbərlərlə bağlı olan rəvayətlərdə, dastanlarda və mifologiyada rast gəlirik. Eyni zamanda, idman yarışlarında da idmançının qəflətən haradansa bir ilahi güc aldığının və çox çətin maneələri aşaraq qələbə qazandığının şahidi oluruq. Bu hadisə onu müşahidə edənləri-azarkeşləri vəcdə gətirir, emosiyaları coşdurur və bu “güc” insanları maqnit kimi özünə çəkir.
Liderlik məsələsinin əsas tədqiqatçılarından biri hesab edilən Northaus Peter Qay liderlik mövzusuna aid tədqiqatları təhlil edərək yazır: “Liderliyin konseptuallaşdırılmasının çoxsaylı üsullarına baxmayaraq, aşağıdakı komponentlər liderlik fenomeninin mərkəzi kimi müəyyən edilir: (a) liderlik bir prosesdir, (b) liderlik təsir göstərir, (c) liderlik qruplarda baş verir və (d) liderlik ümumi məqsədləri ehtiva edir. Bu komponentlərə əsaslanaraq, bu mətndə liderliyin aşağıdakı tərifindən istifadə olunur: Liderlik bir şəxsin ümumi məqsədə çatmaq üçün bir qrup şəxsə təsir etdiyi bir prosesdir”[7]. Ola bilsin ki, bu tərif sadə və yaxşı bir tərif kimi qəbul edilsin. Amma qeyd etmək lazımdır ki, bu tərifdə şəxsiyyət liderlik mənbəyi kimi nəzərdən keçirilir. O fikrini belə şərh edir: “Liderliyi bir proses kimi təyin etmək o deməkdir ki, bu, liderdə olan bir əlamət və ya xüsusiyyət deyil, lider və ardıcıllar arasında baş verən bir tranzaksiya hadisəsidir. Proses liderin ardıcıllarına və ardıcıllarının isə ona təsir etdiyini özündə ehtiva edir. Liderlik xətti, birtərəfli hadisə deyil, daha çox interaktiv bir hadisədir. Liderlik bu şəkildə müəyyən edildikdə, o, hər kəs üçün əlçatan olur. Bu, qrupda rəsmi olaraq təyin edilmiş liderlə məhdudlaşmır.
Liderlik təsiri ehtiva edir. Burada söhbət liderin ardıcıllarına necə təsir etməsindən gedir. Təsir liderliyin dəyişməz şərtidir. Təsir yoxdursa liderlik də yoxdur. Təsir olmadan liderlik mövcud deyil.
Qeyd etmək lazımdır ki, liderlik bilavasitə ümumi məqsədlə bağlıdır. Liderlər enerjilərini birlikdə nəyəsə nail olmağa çalışan şəxslərə yönəldirlər. Ümumilikdə, lideri və onun ardıcıllarını bir ümumi məqsəd birləşdirir. Ümumi məqsədə yönəlişliyi liderin davranışına yeni etik çalar verir və seçilmiş məqsədə nail olmaq üçün liderin ardıcıllarla işləmək zərurətini ortaya çıxarır. Bir məqsəd, amal uğrunda həvəslə birgə çalışmaq qarşılıqlı münasibətlərin xarakterini şərtləndirir və liderlərin ardıcıllarına qarşı məcburi və ya qeyri-etik hərəkət etmək ehtimalını azaldır. Bu, həm də liderlərin və ardıcılların ümumi məqsədə doğru birlikdə işləməsi ehtimalını artırır (Rost, 1991)”.
Liderin və ardıcıllarının ümumi məqsədə doğru birlikdə hərəkət etməsi üçün lider qrupa təsir edən, onun davranışını şərtləndirən qrup dəyərlərini, ideyasını müəyyən etməlidir. Həmçinin siyasi lider xalqı bu məqsəd uğrunda mübarizə aparmağa, birlikdə hərəkət etməyə yönləndirməyi və birləşdirməyi bacarmalı, cəmiyyətdə vətəndaş həmrəyliyini təmin etməlidir. Buna misal olaraq Azərbaycan xalqının 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa etdikdən sonra onu qoruyub saxlamaq və inkişaf etdirmək uğrunda mübarizəsini göstərmək olar. Bu mübarizə zamanı uğurun da, uğursuzluğun da siyasi lider amili ilə daha çox bağlı olduğunu görməmək mümkün deyil. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanın keçdiyi inkişaf yoluna qiymət verərkən vurğulayırdı ki, müstəqilliyi əldə etmək şərəfli olduğu qədər də çətindir, lakin müstəqilliyi qoruyub saxlamaq və möhkəmləndirmək isə ondan qat-qat çətindir. Müstəqilliyi qoruyub saxlamaq və möhkəmləndirmək məqsədinə çatmaq üçün xalqın qəbul gözlədiyi, onu birləşdirəcək milli birlik ideyasının, gələcək haqqında aydın təsəvvür və bu gələcəyə inam yaradan, onun təmin edilməsi yollarını dəqiq göstərən milli dövlətçilik konsepsiyasının siyasi lider tərəfindən müəyyən edilməsi əsas məsələdir. Əminliklə deyə bilərik ki, Ümummili lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq məfkurəsinin və milli dövlətçilik konsepsiyasının həyata keçirilməsi bugünkü demokratik, güclü müstəqil Azərbaycan dövlətinin təşəkkülünü təmin etmiş və bundan sonrakı inkişaf uğurlarını da şərtləndirən aydın məqsədlərə yönəlik vahid dövlətçilik konsepsiyasıdır. Bu konsepsiya açıq sistem prinsipinə əsaslanır və daim inkişafdadır.
Bir daha vurğulamaq istəyirəm ki, siyasi liderin xalqı birləşdirən milli ideyanı gerçəkləşdirməsi olduqca vacib, zəruri tarixi-siyasi hadisədir. Çünki yalnız bu halda siyasi lider və ardıcıllarının qarşılıqlı təsirinin məqsədyönlülüyü təmin edilə bilər. Əgər 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərini Azərbaycanda baş verən hadisələrə bir daha nəzər salsaq görərik ki, cəmiyyət bunu anlayır və gözləyirdi. Lakin bunu həll edə biləcək siyasi qüvvə, siyasi iradə və siyasi lider tələb edilirdi. Hakimiyyətdə olanlar da, hakimiyyətə can atanlar da bunu anlasalar da bu gücə malik deyildilər. Çünki ildırım surəti ilə baş verən dəyişikliklər həm də çevik, tənqidi təfəkkür, siyasi iradə, qətiyyət və tarix qarşısında tarixi məsuliyyət tələb edirdi. Bu məsuliyyəti dərk edərək öz üzərinə götürmək qabiliyyətinə malik olmayan, amma özlərini siyasi lider hesab edənlər elə ilk addımlarında iflasa uğradılar. Ona görə ki, xalqı bir məqsəd uğrunda birləşdirə bilmədilər. Ona görə ki, bu birliyi təmin edə biləcək nə aydın milli ideya və milli dövlətçilik konsepsiyasına, nə də gücə malik deyildilər. Siyasi lider kimi özünü təqdim edənlər xalqla qarşılıqlı adekvat münasibətləri də qura bilmədilər. 1988-1993-cü illərdə Azərbaycanda xalqın ayrı-ayrı qruplara parçalanmasına, azadlığın yanlış olaraq separatizm əhval-ruhiyyəsi ilə əvəzlənməsinə şərait yaradan “siyasi liderlərin” meydana gəlməsi ümumi məqsədi arxa plana keçirdi. Ən təhlükəlisi isə ondan ibarət idi ki, siyasi lider iddiasında olan, amma heç bir liderlik imkanı olmayan şəxslər xalqın müstəqil dövlət quruculuğuna, azadlıq hərəkatının uğuruna inamını, liderə, öndərə etimadını qırdılar, xalqın birliyinə sarsıtdılar. Çünki tarixin burulğanından çıxmaq üçün verilən tələblərdən onlar çox uzaq idilər.
Bu baxımdan müstəqillik dövründə əldə edilmiş uğurlarla yanaşı, həm də milli dövlətin təşəkkülü prosesində xalqın yaşadığı ağır böhranlı tarixi hadisələrin yaratdığı çətinliklər və onların aradan qaldırılması da araşdırılmalıdır. Qeyd etmək lazımdır ki, 1988-1993-cü illərdə yaranmış tarixi şərait bu məsələni həll edə biləcək siyasi iradəyə, dövlətçilik təcrübəsinə, siyasi gücə və səriştəyə malik cəsur liderin meydana çıxmasını zəruri edirdi. Belə bir lider var idi, lakin xarici və xaricdən idarə edilən daxili qüvvələr həmin liderə qarşı müxtəlif üsullarla mübarizə aparır, hətta qarayaxmalardan çəkinmirdilər. Öz xalqı ilə həmişə bir yerdə olan, Azərbaycanın Respublikasının inkişafı, xalqının sosial rifahı üçün mövcud siyasi quruluş çərçivəsində mümkün olan bütün imkanlardan istifadə edərək böyük işlər görmüş Heydər Əliyev 1990-cı ilin 20 yanvarında azərbaycanlılara qarşı törədilmiş Qanlı Yanvar qırğını ilə bağlı Moskva şəhərində Azərbaycan nümayəndəliyində bu cinayətin təşkilatçılarını və onu törədənləri sərt tənqidi, həmişə olduğu kimi bu ağır gündə də xalqı ilə bir yerdə olduğunu bəyan etməsi onun güclü siyasi iradəyə malik cəsur və qətiyyətli siyasi lider olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Xalq öz xilaskarını artıq aydın şəkildə görürsə də, bu xilaskarlıq missiyası geniş mənada yalnız tarixi “Qayıdış”dan sonra – 15 iyun 1993-cü ildən gerçəkləşməyə başladı. Bu, qanunauyğunluq idi və heç bir güc, heç bir maneə bu prosesin qarşısını artıq ala bilməzdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli sərəncamında deyildiyi kimi: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyin iki dövrü var: 1969-1982-ci illər və 1993-2003-cü illər. Hər iki dövrdə Heydər Əliyev Azərbaycan dövlətinin və xalqının ən çətin zamanlarında siyasi hakimiyyətə gəlmiş və xalqın birliyini təmin etmiş, Azərbaycanın iqtisadi yüksəlişi, xalqın sosial rifahı, Azərbaycan dilinin, ədəbiyyatının, incəsənətinin, ənənələrinin qorunması üçün böyük işlər görmüşdür.
Məhz həmin illərdə Azərbaycan bütün sahələrdə sürətlə inkişaf etməyə başladı. Respublika yenidən qurulurdu. Aqrar ölkə kimi tanınan, amma kənd təsərrüfatı sahəsində böyük uğurları olmayan respublikada həm kənd təsərrüfatı inkişaf etdirildi, həm də ölkə sənayeləşdirildi – həmin dövrün yüksək texnologiyaları əsasında yeni zavod və fabriklər tikildi. Ölkənin sosial-iqtisadi tərəqqi dövrü başladı.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasına 1969-1982-ci illərdə rəhbərlik etdiyi dövrdəki fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli sərəncamında dolğun şəkildə səciyyələndirilmişdir: “Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.
Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir”
Bu iqtibasdan da göründüyü kimi, Heydər Əliyev siyasi liderə xas olan keyfiyyətlərlə səciyyələndirilir və mürəkkəb şəraitdə belə tənqidi və yaradıcı düşüncəyə əsaslanaraq vəziyyətdən ən optimal çıxış yolunu taparaq ardıcıllarını, həmfikirlərini birləşdirərək aydın məqsədlərə doğru apara bilmişdir. Liderlik və idarəetmə bəzən bir-birini əvəz etsə də fərqli anlayışlardır. Liderlər nəyə nail olmaq lazım olduğunu təsəvvür edir, bunu insanlara çatdırır, onları hədəflərə çatmaq üçün ruhlandırır və həvəsləndirir.
Ümumi bir məqsəd üçün liderlə ardıcıllarının birgə fəaliyyətdə qarşılıqlı təsiri zəruridir. Liderlərin ardıcıllara, ardıcılların isə liderlərə ehtiyacı var. Bu fəaliyyətin baş tutması və məqsədə çatmaq üçün liderlə ardıcılları bir-birləri ilə sıx bağlı olsalar da, onlar arasında əlaqələri quran, ünsiyyət yaradan və münasibətlərin davamlılığını tənzimləyən liderdir.
Bəzi müəlliflər hesab edirlər ki, bir fenomen kimi liderlik bir çox səviyyələrdə baş verir: təkbətək münasibətlər, qrup səviyyəsi, təşkilati səviyyə və sairə. Bu o deməkdir ki, liderlik kontekstlə müəyyən edilir. Məsələn, təşkilati liderlik “təşkilati məqsədlərin inkişafına və əldə edilməsinə töhfə verən prosesləri və yaxın nəticələri (işçinin öhdəliyi kimi)” əhatə edir və “sistemin xüsusiyyətləri və dinamikası ilə mahiyyətcə məhdudlaşır”. Bu, bir-biri ilə əlaqəli üç amilin araşdırılmasını nəzərdə tutur: lider, ardıcıllar və kontekst. Bu baxımdan lider “müxtəlif biliklərə, qabiliyyətlərə və bacarıqlara malik bir və ya bir neçə ardıcıl(lar)ı seçən, təchiz edən, öyrədən və təsir göstərən və ardıcılı(ları) təşkilatın missiyasına, məqsədlərinə yönəldən və məqsədlərə nail olmaq üçün mənəvi, emosional və fiziki enerjini həvəslə sərf edən şəxsdir”. Beləliklə, təşkilati məqsədlərə çatmaqda liderin rolu əsasdır. Buna görə də yaxşı bir lider dürüstlük, xarizma, zəka, sağlam düşüncə, məsuliyyət və sairə bu kimi xüsusi əlamətlərə malik olmalıdır. Belə siyasi lider olmadıqda istər kiçik və ya böyük sosial qruplar, istərsə də dövlət özünün inkişaf potensialını aşkar etmək və gerçəkləşdirmək imkanına malik olmur. Nəticədə isə tənəzzül və ya dağılma baş verir. Bunu biz 1988-1993-cü illərdə Azərbaycanda baş verən hadisələri nəzərdən keçirdikdə daha aydın şəkildə görə bilirik. Bu məsələ geniş miqyaslı fənlərarası tədqiqatın mövzusu olduğu üçün biz bu məqalədə siyasi lider mövzusu kontekstində həmin dövrün yalnız bəzi sosial-psixoloji cəhətlərin ilkin qısa təhlilini verməyə çalışacağıq.
Qeyd etməliyik ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası 1990-cı illərin əvvəllərində nəinki bölgədə və dünyada baş verən hadisələrə təsir etmək gücünə malik deyildi, hətta özünün mövcudluğu belə sual altında idi. Gənc Respublikada xaos, özbaşınalıq hökm sürürdü. Siyasi hakimiyyətdə olan şəxslər baş verən tarixi prosesləri tam və aydın dərk etmir, nə baş verir, niyə baş verir və nə etmək lazımdır kimi suallara cavab verə bilmirdilər.
Keçmiş SSRİ-nin rəhbəri olmuş Mixail Qorbaçovun Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevi 1987-ci ilin oktyabrında siyasi hakimiyyətdən uzaqlaşdırılması üçün onun tutduğu vəzifələrdən istefasına nail olması xalqımıza qarşı hazırlanmış məkrli planın işə salınmasına bir işarə olduğunu çoxları zamanında anlamadılar. Hətta, Mixail Qorbaçov 1887-ci ilin noyabrında Fransaya rəsmi səfəri edərkən onu müşayiət edən erməni əsilli iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan Fransada Azərbaycana qarşı saxta ittihamlarla çıxış edəndə tarixi proseslərin təhlükəli məcraya məqsədyönlü şəkildə yönləndirildiyinin fərqinə varmadılar. Əbdürrəhman Vəzirovun 1988-ci ildə Azərbaycana rəhbər göndərilməsi və onun qəbul etdiyi antimilli qərarlar isə yaşanacaq faciələrin miqyasını daha da genişləndirdi. Əsasən ermənilərdən təşkil edilmiş Sovet qoşunları tərəfindən 1990-cı ilin 20 yanvar gecəsi mülki Azərbaycan əhalisinin qətlə yetirilməsinə imkan verərək, gecə il öz sahiblərinin yanına qaçdı. Azərbaycanın o vaxtkı rəhbərliyi bu qanlı qırğına siyasi qiymət verməyə nə siyasi iradəsi, nə də cəsarəti çatmadı.
Həmin dövrdə Azərbaycanda baş verən hadisələr haqqında obyektiv məlumatın yayınlamasına da imkan verilmirdi. Ölkə tam informasiya blokadasında idi. Xaliq nə baş verdiyini, niyə baş verdiyini və nə edəcəyini bilmirdi. Belə bir məqamda 1990-cı il yanvarın 21-də Ümummilli lider Heydər Əliyev İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi və bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini də açıqladı, xalqına dəstək oldu. Hesab edirik ki, bu tarixi hadisə idi. İlk dəfə nə baş verdiyini Heydər Əliyev bütün dünyaya bəyan etdi. Məhz buna görə SSRİ rəhbərliyi və şəxsən azərbaycanlılara qarşı hərbi cinayətin törədilməsinə əmr vermiş Mixail Qorbaçov bu həqiqəti gizlətmək üçün Heydər Əliyevə qarşı repressiyaları daha da gücləndirdi.
Bu hadisənin üzərindən ötəri keçmək olmaz. Çünki həmin dövrdə baş verənləri və sonrakı prosesləri düzgün qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin hadisə haqqında demişdi: “Hamımız yaxşı xatırlayırıq ki, pensiyada olan Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. O vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı. Biz o vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları, demək olar ki, çox nadir hallarda görürdük. Bu, böyük cəsarət tələb edirdi. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi”. Bəli, Ulu Öndər həmişə xalqı ilə birlikdə oldu, ondan dəstək aldı və Vətəninə, xalqına, dövlətinə sadiq oldu.
1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, bu gün müstəqil, qüdrətli, sürətlə və davamlı inkişaf edən, yeniləşən, demokratiya yolunda inamla irəliləyən, şanlı zəfərlər qazanan Azərbaycan dövləti bəlkə də yox idi. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunun əsası qoyuldu və nəticədə, qurtuluş savaşında tənəzzüldən tərəqqiyə doğru dönüş başlandı. Ulu Öndərin qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu:
Bu gün Azərbaycan dövləti tarixinin ən qüdrətli dövrünü yaşayır və bu uğur 30 il əvvəl Heydər Əliyev tərəfindən müəyyən edilən müstəqil dövlət quruculuğu siyasətinin bəhrəsidir. 1993-cü il iyunun 15-dən başlanan tərəqqi yolu tariximizə qızıl hərflərlə yazılıb. Amma əldə edilən nailiyyətlər o qədər də asan başa gəlməyib.
1991-ci ildə Azərbaycan müstəqilliyinə qovuşsa da, formal olaraq özünü müstəqil elan etsə də, sözün həqiqi mənasında müstəqil dövlət hesab etmək mümkün deyildi. Çünki, müstəqil dövlətlərə xas olan əlamətlərin heç biri Azərbaycanda yox idi və bunun nəticəsi kimi cəmi üç il sonra – 1993-cü ildə ölkə tarixinin ən ağır günlərini yaşamağa bağladı. Dövlət ağır, çətin sınaq qarşısında idi və o dövrdəki hakimiyyətin yarıtmaz fəaliyyəti nəticəsində vəziyyət daha da dramatikləşdi.
Bir tərəfdən torpaqlarımız işğal edilirdi, digər tərəfdən on minlərlə soydaşımız köçkün həyatı yaşamağa məcbur qalırdı. Bu azmış kimi ölkədə vətəndaş müharibəsinə də rəvac verildi. Döyüş bölgələrindəki hərbi birləşmələr çıxarılaraq Bakı və Gəncə arasında üz-üzə gətirilib toqquşmalara sövq edilirdi. Bu da Azərbaycanın dövlət kimi taleyini sual altında qoyurdu. Məhz belə bir məqamda xalqın çağırışı ilə Bakıya gələn Ümummilli Lider Heydər Əliyev ilk növbədə hadisələrə obyektiv qiymət verdi, vəziyyətdən çıxış yollarını göstərdi və sonra qanlı hadisələrin qarşısını alma üçün Gəncəyə getdi, qardaş qırğınının qarşısını aldı.
Hələ 1991-ci ilin yayında dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sessiyasında çıxış edərək Qarabağın başı üzərindəki qara buludların hansı ağır nəticələrə səbəb ola biləcəyi haqqında mesaj verib və problemin qarşısının alınması istiqaməti ilə bağlı təkliflərini səsləndirmişdi. Çox təəssüflər olsun ki, həmin dövrdə Ayaz Mütəllibovun rəhbərlik etdiyi və AXC rəhbərliyinin dəstəklədiyi bir komanda Heydər Əliyevin bu çağırışına nəinki səs verdi, hətta ona qarşı qarayaxma kampaniyasına başladılar. Bunun nəticəsi isə çox ağır oldu, Azərbaycan xalqı ağır məşəqqətlər yaşadı. Milli birliyə və müstəqilliyə xəyanət edildi.
Bu tarixi həqiqətləri Azərbaycan xalqı yaşadı və bütün proseslərə şahidlik etdi. Çünki həmin zaman hakimiyyət dairəsində vəziyyətdən çıxış yolunu göstərə biləcək, ağır yükü çiyinlərinə götürəcək nə siyasi qüvvə, nə də siyasi lider var idi. Nicat, qurtuluş yolu yalnız Heydər Əliyevin uzaqgörən siyasətindən keçirdi.
Həmin dövrdə Azərbaycan getdikcə daha böyük təhlükəyə doğru yuvarlanırdı. Həmin zaman ölkənin müstəqilliyinin əleyhinə olan bəzi xarici dairələrin ölkə daxildə dəstək verdiyi qüvvələr də hərəkətə keçmişdi. Cənub bölgəsində separatçı Əlikram Hümbətovun yaratdığı qondarma qurum, şimal bölgəsinə yeridilən separatçı dəstələr Azərbaycan dövlətçiliyinin əsasını sarsıtmağa cəhd edirdilər. Bütün bunlar Azərbaycanı parçalamağa yönəlmişdi və bütövlükdə müstəqil dövlət kimi mövcudluğunu sual altına qoyurdu.
Lakin xalq Ulu Öndərin ətrafında sıx birləşməklə öz gələcək taleyini həll etdi. Ümummilli Lider Heydər Əliyev həyatı üçün real təhlükələrə baxmayaraq, xalqın çağırışına səs verərək Bakıya gəldi və daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, dövlətin və xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
Məhz, bu dövrdən Azərbaycanda ciddi şəkildə müstəqil dövlət quruculuğu işləri başladı. Dövlət quruculuğu ilə yanaşı, həm də Ermənistanın Azərbaycana qarşı işğalçı hücumlarının qarşısını almaq üçün qısa müddətdə çevik ordu birləşmələri yaradıldı, əks hücumlara başlanıldı. İtirilmiş yaşayış məntəqələrinin bir qismi geri alındı, amma daha böyük təhdidlər olduğuna görə müvəqqəti atəşkəs elan edildi. Çünki həm də dövlətin büdcəsində müharibə aparmaq, əhalinin normal həyat fəaliyyətini təmin etmək üçün vəsait yox idi. Əvvəlki siyasi hakimiyyət ölkəni elə vəziyyətə salmışdı ki, insanlar gecədən səhərə qədər çörək növbəsinə dayanırdılar, amma çörək çatmadığı üçün bir çoxları evə əliboş qayıdırdılar. Arzular puç olur, ümidlər qırılırdı. Hər şey dağıdılmış və ya talan edilmişdi. Biz bunu heç vaxt unutmamalıyıq ona görə ki, bir daha belə dövrə qayıtmayaq.
Digər tərəfdən, həmin dövrdə hakimiyyətdə olanlar vəzifələrini donduraraq dövlətin fəaliyyətini iflic vəziyyətinə salmaq yolunu tutdular. Bu, məsuliyyət hissini itirən məmurların dövlətə və xalqa qarşı xəyanəti idi. Ona görə də Azərbaycan bu vəziyyətdən qurtulmaq üçün zaman qazanmalı idi və belə də oldu.
Ümummilli Lider Heydər Əliyev bütün istiqamətlər üzrə inkişaf konsepsiyasını müəyyən edərək Azərbaycanın xarici əlaqələrini gücləndirməyə başladı. 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzalamaqla möhkəm dövlətçiliyin əsası qoyuldu. Ölkədə sabitlik yaradıldı, xarici şirkətlər Azərbaycana investisiya yatırmağa başladılar.
Heydər Əliyev uzaqgörənliyi 1993-cü ildə məhv olmaq təhlükəsi ilə üzləşən Azərbaycanın anarxiyadan 1995-ci ildə sabit, güclü dövlət quruculuğu prosesinə keçidini tam təmin etdi. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yaddaşlarda və tarixdə qaldı. Müstəqil Azərbaycan Respublikasının Yeni tarixi yazıldı. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, dünya birliyində yüksək yer tutan ölkəmiz nəinki beynəlxalq təşkilatlara üzv oldu, həm də həmin təşkilatlarda söz sahibi oldu. Həmin dövr “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamda haqlı olaraq belə qiymətləndirilir:
“Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir”.
Bu gün Azərbaycan özünün İntibah dövrünü yaşayır və əminliklə deyə bilərik ki, bu uğurların əsası 30 il öncə qoyulub. Hesab edirik ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf konsepsiyasını uğurla gerçəkləşdirən Prezident İlham Əliyev ölkəmizi məhz Heydər Əliyevin görmək istədiyi Azərbaycana çevirib. Və birmənalı olaraq qeyd etməliyik ki, “Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”.
Bu gün Azərbaycanın qətiyyətli və tam müstəqil siyasət yürüdən güclü siyasi lideri, möhkəm və davamlı inkişaf edən iqtisadiyyatı, qüdrətli ordusu var. 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz bunu bir daha həm təsdiq etdi, həm də daha da möhkəmləndirdi. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimiz Qarabağı erməni-faşist işğalçılarından azad edərək Zəfər tariximizi yazdılar. Bu, həm də təməli 1993-cü ildə Ulu Öndər tərəfindən qoyulmuş Azərbaycan Silahlı Qüvvələrinin Ana Vətənin azadlığı uğurunda müqəddəs savaşda yazdığı Şərəf tarixi idi.
Heydər Əliyev dövrünün ən nüfuzlu siyasətçilərindən biri idi. Və Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında haqlı olaraq deyilir: “Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir”.
Birmənalı olaraq deyə bilərik ki, biz Ulu Öndər Heydər Əliyevin müstəqil, güclü Azərbaycan üçün işləyib hazırladığı və həyata keçirdiyi siyasətin təntənəsinin şahidiyik. 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz də bunun bariz nümunəsidir. Bu siyasəti uğurla davam etdirən və ölkənin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidini təmin edən müasir milli dövlət quruculuğu modelinin müəllifi Prezident İlham Əliyev Azərbaycan Respublikasını dünyanın ən qüdrətli dövlətləri ilə bir sırada duran dövlətə çevirib. Bu gün Azərbaycan inkişaf etmiş böyük güclərlə birlikdə müştərək beynəlxalq layihələr həyata keçirir, BMT-dən sonra dünyada ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına rəhbərlik edir. Azərbaycan müstəqil siyasət aparan az sayda dövlətlərdən biridir. Bütün bunlar fitri istedadla yanaşı, siyasi liderə xas olan ən mühüm keyfiyyətlərə malik yeni tip liderin dünyanın yeni obrazını formalaşdıran yaradıcı fəaliyyəti nəticəsində mümkün olmuşdur. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev 15 oktyabr 2003-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı xalqa müraciətində yazırdı ki, İlham Əliyev “yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyətdir…İnanıram ki, mənim axıra satdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Bəli, Prezident İlham Əliyev xalqın dəstəyini və məhəbbətini fədakar fəaliyyəti nəticəsində qazanaraq milli birliyi təmin etdi. Ölkə iqtisadiyyatının 10 dəfə böyüyərək Müstəqil Azərbaycan dövlətinin dünya siyasətində və dünya iqtisadiyyatında təsir gücünə malik dövlətə çevrilməsinə nail oldu. İlham Əliyev güclü siyasi lider kimi yeni dünyanın siyasi paradiqmalarının formalaşmasında əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyev Azərbaycan Respublikasının 30 il bundan əvvəl Ermənistanın işğalı nəticəsində pozulmuş ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn prinsip və normaları çərçivəsində güc və diplomatiya diadasının yeni düsturunu irəli sürərək tam və qəti şəkildə həll etdi. Eyni zamanda, Prezident İlham Əliyev XXI əsrin ən güclü siyasi lider və rəhbər kimi yeni geosiyasi gerçəklik yaradaraq dünya düzəninə baxışı dəyişdi: gücün münaqişələrə, dağıntılara, yoxsulluğa, ayrı-seçkiliyə deyil, insan ləyaqətinə və milli kimliyə hörmətə, insan hüquq və azadlıqlarının təmin edilməsinə, sülhə, davamlı inkişafa, multikultural həyat tərzinə, sosial ədalət və rifaha necə yönəltməyin modelini dünyaya təqdim etdi və bu modeli Azərbaycan Respublikasında uğurla gerçəkləşdirdi. Mübaliğəsiz deyə bilərik ki, Prezident İlham Əliyev xoşbəxt cəmiyyətin siyasi liderinin obrazını yarada bildi.
Yekunda bir daha qeyd etmək istərdim ki, siyasi liderin xalqı ümumi məqsədə-müstəqil, suveren, demokratik rifah dövlətini quraraq firavan, azad və təhlükəsiz yaşayıb-yaratmağa çatmaq üçün birləşdirməsi cəmiyyətdə həmrəyliyin, yekdilliyin və məmnunluğun təmin edilməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövrünün ən güclü siyasi lideri kimi Azərbaycanın Ən Yeni tarixini yazır və həyata keçirdiyi siyasətlə müstəqil Azərbaycan dövlətini sürətlə inkişaf etdirir, hər bir vətəndaşın rahat, təhlükəsiz, firavan və xoşbəxt həyatını təmin edir.