“Psixoloji diaqnostika və psixokorreksiya üsulları” təkmilləşmə və ixtisasartırma təliminin bağlanış mərasimi keçirilib

İyunun 28-də Psixologiya Elmi Tədqiqat İnstitutunda Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və Psixologiya Elmi Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində məktəb psixoloqları üçün təşkil olunan “Psixoloji diaqnostika və psixokorreksiya üsulları” təkmilləşmə və ixtisasartırma təliminin bağlanış mərasimi keçirilib.

Tədbirdə institutun sədri f.ü.f.d. Elnur Rüstəmov, elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, “Məktəblinin dostu” layihəsinin rəhbəri Gündüz Tapdıqov, məktəb psixoloqları və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov açılış nitqi ilə çıxış edərək gələn qonaqları və iştirakçıları salamlayıb.

O, təhsildə psixoloji xidmətin təşkilinin psixi sağlamlığa, psixi rifaha təsirindən, dolayısı ilə bu işin peşəkar təşkilinin cəmiyyətin psixoloji sağlamlığı üçün əhəmiyyətindən danışıb.

Elnur Rüstəmov bildirib ki, psixoloji diaqnostika, psixokorreksiya və psixoproflaktika məktəbdə psixoloji xidmətin təşkilində vacib istiqamətlərdir.

Eyni zamanda, sədr bu mövzunu əhatə edən “Təhsildə sosial-psixoloji xidmətin əsasları” adlı kitabın da nəşr olunduğunu qeyd edib.

Elnur Rüstəmov tədbirə qatılan qonaqlara və iştirakçılara təşəkkürünü bildirib.

Daha sonra elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev artıq üç ildir ki, bu təlimlərin Psixologiya Elmi Tədqiqat İnstitutu ilə birgə keçirildiyini vurğulayıb. Rüstəm Ağayev qeyd edib ki, bu il nəinki Bakı, Sumqayıt, Abşeron rayonunun psixoloqları, eyni zamanda Lənkəran, Gəncə rayonlarından olan psixoloqlar da təlimlərə cəlb olunub.

Rüstəm Ağayev Psixologiya Elmi Tədqiqat İnstitutuna təşkilatçılığa görə təşəkkürünü bildirib.

Çıxış edən Psixologiya Elmi Tədqiqat İnstitutunun Əlavə Təhsil və İnnovasiyalar şöbəsinin müdiri Ülviyyə Nəhmətova bu mövzuda belə əhəmiyyətli elmi seminarların təşkilinin vacibliyini, mütəxəssislərin müasir psixologiya istiqamətlərində fikir mübadiləsi aparması üçün bu səpkidə tədbirlərin münbit mühit olduğunu bildirib.

Daha sonra “Psixoloji diaqnostika və psixokorreksiya üsulları” təkmilləşmə və ixtisasartırma təlimindən videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.