F.ü.f.d. Elnur Rüstəmov bakivaxti.az  saytına müsahibə verib.

Bu gün İslam təqvimi ilə Azərbaycanda Aşuradır.

Bakıvaxtı.az xəbər verir ki,Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. 

Aşura zamanı müsəlmanlar dini mərasimləri həyata keçirirlər.

Bəzi valideynlər bu məclislərə öz uşaqlarını da aparır.

Bəs görəsən uşaqların şahid olduqları zəncirvurma, qantökmə kimi hallar onların psixologiyasına necə təsir göstərir?

Bu barədə Bakıvaxtı.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirib ki, bəzən dini ayinlərin icrası zamanı xoşagəlməz, ifratavarma hallarına da rast gəlinir və belə hallar daha çox Aşura mərasimləri zamanı yaşanır.

Onun sözlərinə görə, son illərə nəzər saldıqda bununla bağlı xeyli maarifləndirici tədbirlərin görüldüyünü və nəticə etibarilə isə Aşura günlərində zəncirvurma, qantökmə kimi halların xeyli azaldığını müşahidə etmək mümkündür.

Psixoloq qeyd edib ki, uşağın yaxşı şəxsiyyətə sahib olması və əxlaq qaydalarına riayət etməyi öyrənməsi üçün dini tərbiyə mühüm amildir və hər bir ölkədə uşağın inkişaf prosesindən asılı olaraq onu dini inanclarla, ibadətlərlə tanış edirlər. Uşaqda dini inancın formalaşmasında ailənin inanc və ibadətləri, eləcə də sosial həyatda özünü göstərən dini ayinlər, simvollar və təsisatlar aparıcı rol oynayır:

“Bu məqamda övladın tərbiyəsi və əxlaqını təkmilləşdirməkdə ən böyük rol valideynlərin üzərinə düşür. Ancaq aydındır ki, bu gün uşaqların psixologiyasına nəzər saldıqda gördüyümüz mənzərə, valideynlərin bir çox mövzuda düzgün tərbiyə üsuluna riayət etmədiyini açıq-aşkar görürük. Uşaqlıq dövrü insan şəxsiyyətinin, xarakterinin formalaşdığı dövr hesab olunur. Bu dövrdə uşağa dini inanc aşılanır və uşaq öz yaradıcısı haqqında ilk məlumatı alır. Ancaq bu mərhələdə pedaqoji baxımdan uşağın dini inancla ilk təmasının hansı səviyyədə olması tamamilə valideynlərdən asılıdır”.

E.Rüstəmov nəzərə çatdırıb ki, uşağın anlama səviyyəsindən yuxarı və ya kənardan verilən məlumatlar uşaqda psixoloji travmaya səbəb olur.

Erkən yaşlarda görməməli olduğu hallarla qarşılaşdıqda uşaqlarda ciddi sarsıntılar yarandığını deyən müsahibimiz, bu səbəbdən uşağa nümunə kimi göstərilən insanlara, məkanlara, anlayışlara çox diqqət edilməli olduğunu diqqətə çatdırıb.

Həmsöhbətimiz məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirməyin, qan çıxarmağın, qurşağadək soyunaraq sinə vurmağın və s. dinimizə görə qəbuledilməz olduğunu bildirib və “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarına əsasən bu kimi dini mərasimlərin məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməli olduğunu vurğulayıb:

“Təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, ictimai asayişin pozulmasına Azərbaycan qanunlarına əsasən icazə verilmir. Bu kimi ağır situasiyalara nəinki balaca uşaqların, yetkin insanların belə şahid olması daha sonralar ciddi psixoloji problemlərin yaranmasına gətirib çıxarır”.

Uşaqların Aşuranın mahiyyətini hələ dərk edəcək yaşda olmadığını diqqətə çatdıran ekspert dövlət qurumlarının, aidiyyəti orqanların da mərasimin keçiriləcəyi günlər ərəfəsində uşaqların bura cəlb edilməməsi ilə bağlı daim çağırışda olduğunu deyib:

“Dünyagörüşü yenicə formalaşmağa başlayan uşaqları onların imanını gücləndirmək adı altında bu kimi yerlərə aparmaq olmaz. Çünki dini baxımdan da Quranda uşaqlara müəyyən yaş məhdudiyyəti qoyulub. Hansı ki, bu yaşdan sonra uşaqlar şəxsi seçimləri ilə mərasimlərə qatılıb-qatılmamağa qərar verə bilərlər. Valideynlər düşünürlər ki, uşaqları kiçik yaşlardan dini tərbiyə etmək mümkündür. Əslində isə uşaq özünü dərk etdiyi yaşdan etibarən özü bu mövzuda seçim etməlidir”.

https://bakivaxti.az/az/posts/detail/asura-1721110679