Plasebo effekti ilə bağlı tədqiqat
- Sidney Universitetinin əməkdaşları orta yaş həddi 23 olan 13 kişi və 14 qadın ilə eksperiment aparıblar. Onların əllərinə qızdırıcı bağlayıblar, dəriləri yüngülcə yandıqdan sonra həmin nahiyəyə krem çəkiblər. Bu krem, əslində, adi vazelin olub. Lakin təcrübə iştirakçılarının bir qisminə bu kremin ağrını kəsəcəyi, digər qisminə ağrını artıracağı, üçüncü qrupa isə ağrıya heç bir təsir göstərməyəcəyi söylənilib. Yəni, vazelin bir halda plasebo, digər halda nosebo, üçüncü halda isə plasebo və nosebo effektlərini müqayisə edə bilmək üçün nəzarət maddəsi kimi təsir göstərməli idi. Təcrübə iştirakçılarının üçdə birində ağrının azalma hissi (plasebo effekti), yarısından bir qədər çoxunda isə ağrının güclənməsi (nosebo) hiss edilib.
- ABŞ-da 50-ci illərdə aparılmış maraqlı bir eksperiment də diqqət çəkir. Təcrübə üçün 100 nəfərdən ibarət iki qrup yaşlı insan toplanıldı. Bir qrupa deyildi ki, onlara xüsusi həblər veriləcək, bu həb sizdə yüksək əhval-ruhiyyə yaradacaq, enerjinizi artıracaq. Digər qrupa deyildi ki, sizə bir həb veriləcək, o, sizə yuxu gətirəcək, əsəbləriniz sakitləşəcək, halsızlıq yaradacaq. Hər iki qrupa eyni həblər verildi, lakin bu həblər fərqli reaksiyalar yaratdı. Mütəxəssislər bu nəticəni belə izah edirlər ki, insanlara öncədən baş verəcək hadisələrin proyekti təlqin edilir və beyin buna uyğun reaksiyalar yaradır. Plasebo effekti, bizim içimizdəki gücün böyüklüyünü, həmçinin müalicə prosesində xəstə-həkim, pasiyent-psixoterapevt münasibətlərinin və terapevtik bağın vacibliyini vurğulayır.