Bəxtiyar Əliyev Alıbəyli və Quzanlıda seçicilərlə görüşdü

Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizəd, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev seçkiqabağı təşviqat çərçivəsində seçicilərlə görüşləri davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, növbəti görüş Ağdam rayonunun Alıbəyli kəndində və Quzanlı-I qəsəbəsində keçirilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. Seçicilərin yüksək fəallığı ilə keçən görüşdə Bəxtiyar Əliyev Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi, ölkəmizdə həyata keçirilən uğurlu islahatlar haqqında geniş məlumat verib.

B.Əliyev bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar ölkəmizin sosial-iqtisadi inkişafına, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artmasına, insanların sosial rifahının yüksəldilməsinə xidmət edir.

Bəxtiyar Əliyev “Böyük Qayıdışa dair I Dövlət Proqramı”ndan danışaraq bildirib ki, “Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur”.

Professor Bəxtiyar Əliyev bildirib ki, Prezident İlham Əliyev Ağdama 18 dəfə səfər edib və rayonunun inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 25 sərəncam imzalayıb. Bu gün Qarabağ, Ağdam yenidən qurulur və cənnətə çevrilir. B.Əlyev bildirib ki, Prezident İlham Əliyev Ağdam şəhəri və on altı kəndinin təməlini qoyub. Tezliklə doğma şəhərə və kəndlərimizə qayıdış başlayacaq. Ağdamlılar da bu diqqət və qayğını həmişə yüksək qiymətləndiriblər.

B.Əliyev, həmçinin seçicilərə deputat kimi gördüyü işlər və platformasında nəzərdə tutulan məsələlər haqqında geniş məlumat verib.

Görüşdə çıxış edən seçicilər deputatlığa namizəd professor Bəxtiyar Əliyevə yedilliklə dəstək ifadə ediblər. Seçicilər qeyd ediblər ki, B.Əliyev hər zaman onların etimadını doğruldub, daim seçiciləri ilə bir yerdə olub. Ona görə də sentyabrın 1-də professor Bəxtiyar Əliyevə səs verəcəklər.