2 Oktyabr dünyada Beynəlxalq Qeyri-Zorakılıq Günü kimi qeyd edilir. Qeyri-Zorakılıq Günü insanları yalnız bu gün deyil, həmişə zorakılığa qarşı birləşməyə, sülhə, empatiyaya və sağlam cəmiyyətin üzvü olmağa səsləyir.
Zorakılıq dedikdə, aqressiya və təzyiq vasitəsilə başqasının iradəsinə qarşı hərəkət etmək nəzərdə tutulur. Hər il dünyada 1,6 milyondan çox insan zorakılıq nəticəsində həyatını itirir. Bu gün insanlar fiziki, psixoloji, cinsi, məişət və kiber zorakılığa rast gəlirlər.
Ailə fərdin psixoloji və emosional inkişafında ən təsirli amildir
Zorakılığa meyilli insanların psixologiyası çox mürəkkəb olur və bu, müxtəlif səbəblərlə əlaqədardır. Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun sözlərinə görə, bir çox zorakı fərd öz uşaqlığında fiziki və ya emosional zorakılığa məruz qalmış ola bilər ki, bu təcrübələr onlarda zorakı davranışları “müdafiə mexanizmi” kimi qəbul etməyə səbəb olur. Yetərli emosional dəstək və düzgün idarəetmə bacarıqları olmayan insanlar stres, əsəb və ya nifrət kimi mənfi duyğuları zorakılıq vasitəsilə ifadə edirlər. Aşağı özünəinam, nəzarətsizlik və güvənsizlik hissi də belə fərdləri zorakı davranışlara meyilləndirən faktorlardır.
“Zorakılığın əsas səbəbləri kimi ailədaxili mühit və uşaqlıq təcrübələri nəzərdən keçirilir. Həmçinin genetik meyillər, sosial mühit, ailə tərbiyəsi, şəxsi təcrübələr və cəmiyyətin norma və dəyərləri də bu formalaşmada mühüm rol oynayır. Tərbiyə üsullarında edilən səhvlər zorakı davranışın yaranmasına bilavasitə təsir edir. Ailə fərdin psixoloji və emosional inkişafında ən təsirli amildir. Uşaqlar zorakılığın normallaşdırıldığı bir ailədə böyüdükdə bu davranışı təbii qəbul edirlər. Əgər valideynlər və ya ailə üzvləri bir-birinə qarşı zorakılıq göstərirsə, uşaq bu cür davranışları sistemləşdirir və gələcəkdə daha çox belə reaksiyalar verir. Həmçinin sevgisizlik və emosional laqeydlik də saf uşaqlıqdan zorakı fərdə gətirib çıxan amillərdəndir. Uşaqlara kifayət qədər sevgi və qayğı göstərilməməsi onların emosional inkişafına zərər verir. Laqeyd qalan uşaqlar emosiyalarını düzgün ifadə etməkdə çətinlik çəkir və reaksiyalarını zorakı davranışlarla göstərirlər. Uşaqların davamlı olaraq sərt və şiddətli cəzalarla tərbiyə edilməsi onlara gücün və şiddətin problemlərin həlli olduğunu öyrədir”, – deyə psixoloq bildirib.
Həddindən artıq avtoritar və nəzarətçi valideyn olmaq da gələcək üçün potensial zorakı fərd yetişdirmək deməkdir. E.Rüstəmov qeyd edib ki, bu cür tərbiyə, uşaqlarda üsyankarlıq və zorakı reaksiyalara adət yaradır. Lakin uşaqların tamamilə sərbəst buraxılması da onların özlərini nəzarətsiz hiss etməsinə və sərhədləri aşmağa meyilli olmalarına gətirib çıxarır. Valideynlər bilməlidirlər ki, onlar ailədə problem və konfliktlərin həlli zamanı özləri zorakı davranışlar göstərirsə, uşaqlar bu nümunəni mənimsəyərək təkrarlayacaqlar.
Patriarxal dəyərlər zorakılığın kökünü təşkil edir
Təəsüf ki, zorakılığa təşviq edən cəmiyyətlərdə, xüsusən patriarxal sistemlərdə kişi zorakılığı daha çox qəbul edilir. Bu cür mədəniyyətlərdə kişilərə güc və şiddət kimi xüsusiyyətlər müsbət dəyərlər kimi təqdim olunur. E.Rüstəmov vurğulayıb ki, zorakılığı müsbət davranış kimi aşılayan, uşaqları bu yöndə tərbiyə edən, “güclü olmaq” anlayışını yanlış istiqamətdə təşviq edən ailələr cəmiyyətimizin bir hissəsini təşkil edən ən yanlış toplumdur: “Patriarxal dəyərlər zorakılığın kökünü təşkil edir. Buna görə də, cəmiyyət gender bərabərliyini təşviq etməli, qadınların və kişilərin bərabər hüquqlara və hörmətə layiq olduğunu vurğulamalıdır. Cəmiyyətimiz, xüsusən də gənc nəsil arasında empatiya və emosional intellekti inkişaf etdirməyə yönəlmiş proqramlar dəstəklənməlidir. Zorakılıq əksər hallarda başqalarının hisslərini anlamamaqda və emosional tənzimləmədə çətinliklərdən yaranır. Empatiya qabiliyyətinin artırılması zorakılığın qarşısının alınmasında mühüm rol oynayır”.
Məişət zorakılığının əsas qurbanlarının qadınlar və uşaqlar olduğunu söyləyən psixoloq qeyd edib ki, bəzi qadınlarda maddi azadlığın, təhsilin olmaması və gücsüz şəxsiyyət kimi formalaşması onların zorakılığa məruz qalma riskini artıran faktorlardandır: “Danılmaz həqiqətdir ki, sosial mövqeyi zəif, iqtisadi gücü aşağı olan fərdlər təcavüzkarlara qarşı müqavimət göstərə bilmir və qorxu ilə yaşamağa məcbur qalırlar. Zorakılığa məruz qalan insanlar ilk növbədə öz təhlükəsizliklərini təmin etməlidirlər. Zorakılıq davranışların qarşısının alınması həm fərd, həm də cəmiyyət səviyyəsində həyata keçirilməlidir. Belə valideynlərə uşaqlarla düzgün münasibət qurmağı, onlara sevgi, anlayış və qayğı göstərməyi öyrətmək vacibdir. Pozitiv valideynlik, uşaqların sağlam emosional və sosial inkişafına kömək edir, habelə zorakı davranışların yaranmasının qarşısını alır. Həmçinin valideynlər uşaq tərbiyəsində vacib və düzgün məqamlara diqqət etməlidirlər. Cəza və zorakılıq əvəzinə, müsbət motivasiya metodlarını tətbiq etmək, uşaqların problemləri zorakı üsullarla deyil, dialoqla həll etməyi öyrənməsinə kömək edəcək”.
İqtisadi azadlıq zorakılıqdan xilas olmaq üçün vacib bir vasitədir. Ekspert deyib ki, zorakılığa məruz qalmış hər kəsə dəstək göstərilməli, onların müstəqil həyat qura bilməsi üçün iş imkanları yaradılmalıdır. Ailə daxilində zorakılıq baş verdikdə, erkən mərhələdə sosial və psixoloji yardım göstərən qurumlara müraciət edilməlidir. Zorakılığa məruz qalan şəxslər üçün sığınacaqların, dəstək mərkəzlərinin və qaynar xətlərin mövcudluğu onların təhlükəsizliyini təmin etmək üçün yaradılmış mübarizə tədbirlərindəndir.
Zorakılıq sükutla böyüyür
Məktəb uşaqların sosiallaşdığı əsas mühitlərdən biridir və burada tətbiq olunan tərbiyə üsulları uşağın şəxsiyyətinə ciddi təsir göstərir. Müəllimlər və məktəb psixoloqları uşaqlar arasındakı münaqişələri vaxtında və doğru qərarlarla həll etməlidirlər ki, bu situasiyalar onların ədalət və doğruluq kimi hisslərinə xələl gətirməsin. E.Rüstəmovun sözlərinə görə, məktəblərdə zorakılığın qarşısını almaq üçün xüsusi təhsil proqramları həyata keçirilməlidir. Uşaqlara zorakılığın zərərli tərəfləri, empatiya, konflikt həlletmə üsulları və sosial bacarıqlar öyrədilməlidir. Məktəblərdə psixoloqların və sosial işçilərin aktiv iştirakı uşaqların emosional və psixoloji problemlərinə vaxtında müdaxilə etməyə kömək edir. Bu dəstək sistemi, zorakılıq meyilləri olan uşaqlara vaxtında yardım göstərməyə imkan verərək bu cür təhlükələrin azalmasına kömək edir.
Son illər xüsusilə uşaqlar və yeniyetmələr arasında kiberzorakılıq hallarının artması müşahidə edilir. Kiberzorakılıq fərdin sosial şəbəkələr, mobil tətbiqlər və oyun platformalarında təhqir, təhdid edilməsi və psixoloji təzyiqə məruz qalmasıdır. Psixoloq bildirib ki, övladlarını sosial mühitdə qorumaq üçün valideynlər zorakı davranışları normallaşdıran görüntülərdən qorumalı, onların izlədiyi cizgi filmlərinə nəzarət etməlidirlər: “Filmlər, seriallar, videooyunlar və sosial mediada zorakı davranışları əks etdirən görüntülər müsbət bir davranış kimi təqdim edildikdə, bu, cəmiyyətin zorakılığa olan münasibətinə yanlış istiqamətdə təsir göstərir. Mediada zorakılığın zərərli təsirləri vurğulanmalı və problemlərin həlli istiqamətində sağlam yollara təşviq edilməlidir. Maarifləndirmə işləri yetkin fərdlər arasında da aparılmalıdır. Zorakılıq törədən fərdlər yalnız cəzalandırılmaqla kifayətlənməməli, eyni zamanda psixoloji yardım və reabilitasiya proqramlarına cəlb olunmalıdır. Bu proqramlar fərdlərin zorakı davranışlarının səbəblərini anlamaq və dəyişdirmək məqsədi daşıyır. Psixoloji müayinələr, psixoterapiya və davranış modifikasiyası zorakı şəxslərin aqressiyasını idarə etməsinə və sağlam yollarla problemləri həll etməsinə kömək edən ən effektiv müalicə üsullarındandır”.
Zorakılığın qarşısının alınması üçün ailə, məktəb, cəmiyyət və dövlət tərəfindən müştərək səylər göstərilməlidir. Pozitiv tərbiyə üsulları, hüquqi tədbirlər, sosial dəstək sistemləri və psixoloji yardımlar bu problemin həllində mühüm rol oynayır. Zorakılıqla mübarizə yalnız fərdi səviyyədə deyil, eyni zamanda cəmiyyətin hər təbəqəsində əməkdaşlıq tələb edir. Unutmayaq ki, zorakılıq sükutla böyüyür.