Psixologiya Elmi -Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov“ Azərbaycan müəllimi” qəzetinə COP29-la bağlı öz təəssüratlarını bölüşüb.

Artıq bir neçə gündür ki, Bakı dünyada miqyasına görə ən geniş və nüfuzlu tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP 29) ev sahibliyi edir.

196 ölkədən 72 min iştirakçının, o cümlədən 80 prezident, vitse-prezident və baş nazirin qatıldığı tədbir möhtəşəmliyi, yüksək təşkilatçılığı və müzakirə olunan mövzuların aktuallığı baxımından diqqətləri özünə çəkib. Ekoloji problemlərin həlli yollarını birlikdə müəyyən etmək üçün dünya Azərbaycana toplaşıb. COP29 çərçivəsində keçirilən tədbirlər, iqlim problemlərinin yaratdığı təbii fəlakətlərin doğurduğu acı nəticələr, “yaşıl” enerji və digər mövzular ölkə ictimaiyyəti, alimlərimiz və müxtəlif sahələrin mütəxəssisləri tərəfindən də maraqla izlənilməkdədir.

“Azərbaycan müəllimi” qəzetinə COP29-la bağlı öz təəssüratlarını bölüşən Psixologiya Elmi -Tədqiqat İnstitutunun sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov bildirir ki, belə bir mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi qürurvericidir.

Onun sözlərinə görə, COP29 yalnız ekoloji problemlərin həlli üçün deyil, həm də iqlim dəyişikliyinin insan psixologiyasına təsiri baxımından əhəmiyyətlidir. Belə ki, qlobal səviyyədə iqlim dəyişiklikləri bu gün qarşılaşdığımız ən ciddi problemlərdən biridir. Onun yaratdığı ekoloji, sosial və iqtisadi dəyişikliklər yalnız təbiətə deyil, insanların psixoloji sağlamlığına da mənfi təsir göstərir: “Təbii fəlakətlər, yaşayış mühitinin dəyişməsi, gələcək haqqında qeyri-müəyyənlik kimi amillər insanlarda “ekoloji kədər” və ya “iqlim narahatlığı” kimi yeni psixoloji vəziyyətlər yaradır. İqlim dəyişikliyi ətraf mühitlə bağlı narahatlıq, stres və “eko həyəcan” adlanan psixoloji vəziyyətlərin artmasına səbəb olur. İnsanlar, xüsusilə gənclər və həssas qruplar gələcək nəsillərin yaşayış şəraiti və iqlim dəyişikliyinin təsirləri ilə bağlı ciddi narahatlıq keçirirlər. Bu narahatlıq onların emosional rifahına, gündəlik həyatlarına və ümumi psixoloji vəziyyətinə də mənfi təsir göstərir. Psixologiya qlobal dəyişikliyin yaratdığı stres və narahatlıqla mübarizədə fərdlərə emosional dəstək təmin edə, cəmiyyətin daha dözümlü və dayanıqlı olmasına köməklik göstərə bilər”.

Elnur Rüstəmov onu da qeyd edir ki, Azərbaycan kimi iqlim dəyişikliyinə həssas ölkələrdə insanların bu dəyişikliklər qarşısında psixoloji dayanıqlığının artırılması və ekoloji problemlərlə bağlı yaranan həyəcan hissinə qarşı mübarizə üsullarının inkişaf etdirilməsi önəmli bir məsələdir: “Mən düşünürəm ki, COP29 iqlim dəyişikliyinin psixoloji təsirlərini azaltmaq, ictimaiyyəti bu mövzuda məlumatlandırmaq və insanları gələcək dəyişikliklərə psixoloji cəhətdən hazırlamaq üçün mühüm platforma rolunu oynayacaqdır”.

https://www.muallim.edu.az/news/67383447485e7d65d1611065