Son zamanlar demək olar ki, hamı yoğunluqdan şikayət edir. İnsanların böyük əksəriyyəti “necəsən” sualına “yorğun hiss edirəm” cavabını verir. Bir çoxları yorğunluğu fiziki, digər əksəriyyət isə psixoloji amil kimi qiymətləndirir. Son illərdə davamlı olaraq qarşılaşdığımız və ya ətrafımızdakılardan tez-tez eşitdiyimiz yorğunluq şikayətləri hansısa xəstəliyin də əlamətləri ola bilər.
Maraqlıdır, yorğunluq fiziki, yoxsa psixoloji baş verir?
Psixoloq Elnur Rüstəmov Bizim.Media-ya bildirib ki, yorğunluq xüsusilə fiziki və psixoloji iş yükünə aid edilən fərdin verdiyi reaksiyalar ilə əlaqədardır:
“Yorğunluq həm də fiziki və ya zehni qabiliyyətin subyektiv çatışmazlığı kimi müəyyən edilir. Ümumiyyətlə yorğunluq özündə tükənmə, zəifləmə hallarını ehtiva edir ki, bu da fərdin fiziki olaraq bədən və əzələ, zehni olaraq isə emosiya və hisslərinin yanmasına gətirib çıxarır. Fiziki yorğunluq insanın normal səviyyədə fəaliyyətini davam etdirə bilməməsinə, zehni yorğunluq isə daha çox passivlik və sağlam olmayan həyat tərzi şəklində özünü göstərir…
Zehni tükənmə nədir?
Sadə dillə desək, zehni tükənmə beyin çox stimul aldıqda və ya istirahət etmədən intensiv fəaliyyət səviyyəsini saxlamaq məcburiyyətində qaldıqda baş verir. Zehni yorğunluğa səbəb olan bir neçə əlamətlərə bu hallar aid edilə bilər; tələbkar və ya yüksək təzyiqli bir işə sahib olmaq, istirahətə vaxt ayırmadan uzun saatlar işləmək, maliyyə stressi, işdən narazılıq, xroniki xəstəlik və ya psixi sağlamlıq problemi ilə yaşamaq, yaxın birini itirmək, uşaq sahibi olmaq və nəhayət iş-həyat balansının və ya emosional dəstəyin olmamasıdır.
Emosional yorğunluq daha çox işçilər arasında müşahidə edilir.
Emosional tükənmə yaşayan insanların bir çoxunda burnout sindromuna rast gəlinir. Bu sindrom ədəbiyyatlarda həmçinin tükənmişlik sindromu və ya emosional yanma da adlandırılır. Daha çox işçilər arasında müşahidə edilən yorğunluq, xəyal qırıqlığı və işdən soyuma ilə xarakterizə olunur. Duyğusal müstəvidə tükənmə insanın etdiyi işə görə özünü həddindən artıq yüklənmiş, tükənmiş hiss etməsidir və burn-out (emosional yanma) sindromunun ən əhəmiyyətli simptomudur.
Burnout sindromu nədir?
Burnout sindromu əsasən 4 mərhələdə özünü büruzə verir. Öncəliklə onu qeyd edək ki, bu sindrom insanın bir mərhələdən digərinə keçdiyi dəhşətli bir proses deyil, davamlı bir aktdır.
Birinci mərhələ – şövq və coşğu mərhələsi… Bu mərhələdə insanda yüksək bir ümidlilik, enerjili olma, ifrat peşə gözləntiləri müşahidə olunur. Fərd üçün çalışdığı peşə hər şeydən öndədir, yuxusuzluğa, gərgin iş mühitlərinə, özünə və həyatın digər istiqamətlərinə qarşı zaman və enerji ayırmamağa köklənir.
İkinci mərhələ – durğunluq mərhələsidir. Bu mərhələdə artıq istək və ümiddə müəyyən dərəcədə azalma müşahidə olunur. Çalışma prosesində qarşılaşdığı çətinliklərdən, daha əvvəl əhəmiyyətsiz yanaşdığı bəzi məqamlardan getdikcə narahat olmağa başlayır. Tələb olunan işdən əlavə heç bir şey edə bilmir. Əvvəl çalışma şövqü digər sahələrə diqqət ayırmamağa səbəb olurdusa, bu gün həmin entuziazmla çalışa bilmir, əksinə, kənar işlərə daha çox zaman ayırır.
Üçüncü mərhələ – maneə mərhələsidir ki, başqa insanlara kömək və xidmət etmək üçün işə başlayan şəxs, insanları, sistemi, mənfi iş şəraitini dəyişdirmənin nə qədər çətin olduğunu anlayır. Həmçinin davamlı bir maneəçilik duyğusu yaşayır.
Dördüncü mərhələ – laqeydlik mərhələsidir. (apatiya-süstlük): Bu mərhələdə insanda çox dərin emosional qopma, dərin inancsızlıq və ümidsizlik müşahidə edilir. Peşəsini, gördüyü işi iqtisadi və sosial təminat üçün davam etdirir, ondan zövq almır. Belə bir vəziyyətdə iş həyatı fərd üçün doyum və özünü reallaşdırma sahəsi olmaqdan çox, insana yalnız çətinlik və bədbəxtlik verən bir sahə olur”.
Psixoloqun sözlərinə görə Burnout sindromunun yaranma səbəbi yalnız iş yerindəki şərtlər deyil:
“Bu şərtlər qədər insanın özünə aid xüsusiyyətlər də qeyd olunan sindromun ortaya çıxmasına təsir edir. Emosional yanma sindromu özündən, həyatdan və digər insanlardan gözləntiləri yüksək olan, insanlara dəyər verən, onların ehtiyaclarını qarşılamağa çalışan, işini ən yaxşı şəkildə etməyə çalışan, həyatda yüksək hədəfləri və idealları olan, gördüyü işə gəlir gətirən bir sahə olmaqla yanaşı, başqa mənalar da yükləyən, yaşadığı hər problemdə özünü günahlandırmağa və mənfi qiymətləndirməyə meylli insanlarda daha çox rast gəlinir. Həmçinin, insanın iş, ailə və sosial həyat kimi birdən çox sahədə stress yaşadan hadisə ilə qarşı-qarşıya qalması və stress yaşamağa uyğun bir şəxsiyyət quruluşuna sahib olması da bu sindromun ortaya çıxmasına şərait yaradır”.
Psixoloq nə tövsiyyə edir?
Tövsiyə olunur ki, bu mərhələdə rəhbərinizdən və ya həmkarlarınızdan tapşırıqlarla bağlı kömək istəməyin və ya bəzi məsuliyyətlərinizi başqalarına həvalə etməyə çalışın.
Digər bir məsələ isə keyfiyyətli və düzgün yuxu rejiminin olmasıdır. Keyfiyyətli yuxu təkcə fiziki sağlamlığı yaxşılaşdırmır. Bu bioloji proses zehni və emosional rifahınızı əhatə edən ümumi sağlamlıq üçün vacibdir.
Ümumiyyətlə fərdi, təşkilati və hətta sistemdən qaynaqlanan faktorların birlikdə rol oynaması ilə ortaya çıxan emosional yanma, bir sindrom və sistem problemi olaraq qəbul edilməlidir. Ən vacib olan birinci növbədə sindromu yaradan faktorların aradan qaldırılması, bu olmasa belə, erkən dövrdə diaqnoz qoyularaq sürətli müdaxilə planının tətbiq edilməsidir.
Bütün bu məqamlara nəzarət itirildikdə fərd daha ağır psixoloji problemlər və daha çox narahatlıq yaşayacaq. Belə olan təqdirdə ən sağlam diaqnoz və müalicə üsulu mütəxəssis dəstəyi almaqdır. Mütəxəssis psixoloq sizə səbəbləri müəyyən etmək, mümkün mübarizə üsullarını araşdırmaq və tükənməyə gətirib çıxaran həyat problemini həll etməkdə kömək edəcək.
Emosional tükənmədən sonra özünüzü sıfırlamaq uzun bir zaman ala bilər.
İnsan hansı şəraitdə, necə yaşamağından asılı olmayaraq həyatına rəng qatmağı bacarmalı, ən azından buna cəhd etməli və tutunacaq bir dəyər sistemi yaratmalıdır. Belə olan təqdirdə emosional yanma sindromu baş versə belə, insan tez bir zamanda səfərbər olub, problemi aradan qaldıra bilər. Günümüzdə tutunacaq dəyər tapmaq bir qədər çətin olsa da, hər zaman buna cəhd etməyə dəyər. Unutmayın, həyata bütöv bir sistem kimi yanaşmaq mütləqdir. O sistemdə bizdən yaxşı və bizdən pis durumda yaşayan insanlar həmişə olub, bundan sonra da olacaq. Biz isə hər zaman baxdığımız yerdəyik.