Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov iqtisadiyyat.az saytına valideyn-uşaq modelləri ilə bağlı müsahibə verib

“İnsan öz inkişafında müxtəlif mərhələlərdən keçir və hər bir dövr şəxsiyyətin inkişafına müəyyən təsir göstərir. Hər yeni doğulan uşaq dünyaya göz açdığı gündən başlayaraq ətraf aləmlə təmasda olur. Dünyaya gələn gündən uşaqlara lazımi imkanların yaradılması onların hərtərəfli inkişafında mühüm rol oynayır. Məhz bu səbəbdən uşağın şəxsiyyətinin formalaşmasında həm fiziki, həm də psixi inkişaf vacib amildir. Onlara öyrədilən davranış üsulları, təlim-tərbiyə metodları uşaqların inkişafını, hərəkətlərini, şəxsiyyət kimi formalaşmasını təmin edir. Valideyn münasibəti bu inkişafı birbaşa sürətləndirir, uşağın gələcəyinə ciddi şəkildə təsir göstərir”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov deyib.

Onun sözlərinə görə, bu prosesə əvvəlcə böyük bir qisimdə ailə, sonra bağça, məktəb və ətrafdakı insanlar təsir göstərir: “Uşağın məsuliyyətli, sevgi dolu, digər şəxslərə hörmət etməyi bacaran və s. kimi xüsusiyyətlərlə böyütmək bəzən müəyyən çətinlikləri qət etməklə əldə olunur. Məsuliyyət hissi uşağa hər zaman gərəkli olan, öyrənməsi vacib olan bir duyğudur. Valideyn bunun üzərində daha ciddi çalışaraq övladına həyatın hər mərhələsində məsuliyyətli olmağı aşılamalıdır. Uşağın şəxsiyyət kimi formalaşmasına təsir göstərən vacib sosial mühit ailə mühitidir. Ailədə valideynlərin – ana və atanın uşağa münasibəti və davranışları uşağın şəxsiyyətinin formalaşmasına əhəmiyyətli təsir göstərir. Uşaq valideynləri müşahidə edir, ailə içərisində modelləşdirmə və təqlid etməklə inkişaf edir. Ata və ananın bir-birinə münasibəti uşağın əqli, psixoloji, mənəvi cəhətdən böyüməsində çox önəmli faktordur. Uşağın tərbiyəsində yol verilən ən böyük səhvlərdən biri onun hədsiz dərəcədə əzizlənməsidir. Valideyn bilməlidir ki, daim güzəştə getdikdə, uşağın bütün tələblərini ödədikdə onda eqoizm, şıltaqlıq, kobudluq, ərköyünlük, dəcəllik baş qaldıra bilər. Bunun qarşısını almaq üçün uşağa münasibətdə qayğı ilə tələbkarlığı mütləq şəkildə uzlaşdırmaq lazımdır”. 
Psixoloq söyləyib ki, ümumiyyətlə uşaqların inkişafında, şəxsiyyətinin formalaşmasında valideynlərin övladlarına olan münasibətləri müxtəlif ailə modellərində özünü göstərir: “Biz həmin mühiti analiz etməklə, uşağın hansı ailə mühitində tərbiyə aldığını və bunun onun şəxsiyyətinə necə təsir etdiyini müəyyən edə bilərik. Demokratik, həddindən artıq himayəçi, avtoritar və laqeyd ailə modelləri vardır ki, valideynlərin fərqli münasibəti uşağın şəxsi inkişafına müxtəlif yollarla təsir edir. Demokratik ailə modelində valideyn övladını sevən, sevgi və hörmət üzərində qurulan, problemləri danışıb məsləhətləşən, həll edən valideyn tipidir. Məhz bu ailədə valideyn övladına qarşı dözümlü olaraq ona addım atmaqda dəstək olur. Valideyn bəzi məhdudiyyətlər istisna olmaqla uşağın istədiklərini reallaşdırmağa imkan yaradır. Ailədə gərginlik əvəzinə səmimi münasibət hökm sürür. Doğru tərbiyədə ən böyük rol oynayan davranış – uşağa danışmaq, fikirlərini və istəklərini bildirmək hüququ verilir. Ailədə müəyyən qaydalar olur, ancaq bu qaydalar cəza və şiddətlə olan, qorxu və hər hansı psixoloji şiddətin təsiri altında saxlamaqla hökm sürən qaydalar deyil, könüllü olaraq uşağın istəklərini dinləmək, dinlədikdən sonra valideynin də həmin istəklərə öz münasibətini bildirmək formasında davam edir. Demokratik ailə mühitində tolerantlıq hökm sürür, valideyn də hər zaman uşağını dəstəkləyir, uşağın hiss və düşüncələrinə hörmət edir. Belə bir ailədə böyüyən uşaq cəmiyyətdə də bu davranışı sərgiləyir. Araşdırmalar da təsdiq edir ki, bu ailə modeli uşaq tərbiyəsində ən doğru və ən effektiv modeldir”.

E.Rüstəmov bildirib ki, bunun əksinə həddindən artıq himayəçi ailə modelində isə uşağa artıqlaması ilə qoruyucu yanaşmaq, onun özünü idarəedən bir şəxs olmasına mane olur: “Belə uşaqlar asılı, özgüvənsiz olur, problemləri özləri həlletmə gücündə olmurlar. Ümumiyyətlə, uşaqlar hər hansı bir fəaliyyət istiqamətində səhv etdikləri, bacarmayacaqları düşüncəsi ilə yaşayır və narahat böyüyürlər. Təbii ki, belə ailə şəraitində böyüyən uşaqlar yeniyetməlik dövrünə qədəm qoyduqda onlarda ciddi psixoloji problemlər və narahatlıqlar baş qaldırır. Əslində valideyn düşünür ki, o, övladına hər mövzuda kömək etsə, onun daha yaxşı inkişafına şərait yaradar. Təbii ki, bu belə deyil. Belə modeldə görünən mənzərə odur ki, uşaq sakitcə kənarda durur və hər addımında çarəsizcə valideyndən kömək, dəstək gözləyir. Uşağa elə bir tərbiyə aşılanır ki, sanki bu, belə də olmalı, müdaxilə olmadan heç bir fəaliyyətlə məşğul olmadan, tamamilə valideyn qərarları və dəstəyi ilə həyatda davam etməlidir. Təbii ki, buna səbəb ailədə uşağa hər zaman hədsiz himayənin göstərilməsidir. Belə ailə modelində böyüyən uşaqlarda mütləq ki, basdırılmış hisslər və davranışlar nəticəsində bir müddətdən sonra ciddi psixoloji problemlər meydana gəlir. Belə uşaqlarda psixoterapiya zamanı özgüvənin bərpa edilməsi uzun müddət alır”.

Mütəxəssis qeyd edib ki, digər bir ailə modeli olan avtoritar valideyn münasibətində isə uşaq daim valideyn nəzarətindədir, o mütəmadi olaraq nəzarət və təzyiq altında böyüyür: “Bu ailə modelində valideyn tamamilə yanlış olan – qaydalara əməl etməyən uşağa kəskin cəza verməklə münasibəti davam etdirir. Müəyyən yaş mərhələsinə qədər uşaq valideynə tabe olmağı özünə borc bilir. Bu tip ailə münasibətində biz psixoloji və fiziki şiddətin şahidi oluruq. Bu ailədə böyüyən uşağın hiss və düşüncələrinə önəm verilmir və həddindən artıq valideyn tərəfindən sərt münasibət uşaqları böyüdükcə depressiyaya salır. Bu ailə mühitində böyüyən uşaqlarda böyük ölçüdə daxili konfliktlər və nevrotik problemlər qaçılmazdır. Bundan başqa, belə ailələrdə tez-tez istifadə edilən cəza uşağın şəxsiyyətində və psixi vəziyyətində dərin yaralara səbəb olur. Nəticədə cəmiyyətdə qorxaq, özünəqapanan, utancaq şəxslər formalaşır”. 

E.Rüstəmov həmçinin söyləyib ki, son olaraq laqeyd ailə münasibətində isə valideyn çox zaman uşağı tək qoyur, ehtiyaclarını yetərincə önəmsəmir və yaxud təkcə maddi cəhətdən uşağın ehtiyaclarını təmin etməklə hər növ ehtiyacını qarşıladığı qənaətinə gəlir: “Bu gün ölkəmizdə ən çox yayılmış ailə modellərindən biridirValideyn zaman ayırıb uşaqla vaxt keçirmir, ünsiyyət yaratmır, bununla da uşaqla valideyn arasında ünsiyyət boşluğu olur, uşaq ailədənkənar öz qərarları ilə böyüyür. Lakin bilmək mütləqdir ki, həddən artıq sərbəst mühit uşaqda zərərli vərdişlərə maraq yaradır. Təkcə laqeyd ailə tipində deyil, bəhs etdiyimiz avtoritar ailə modelində də bu, baş verir, uşaq zərərli vərdişlərə meyil edir. Böyüdükcə sanki o, içində yaranan boşluğu bu şəkildə doldurur. Demokratik ailə modelindən fərqli olaraq bütün bu modellərdə edilən səhvlər, bir uşağın əxlaqi dəyərlərini, şəxsiyyətini və gələcəyini məhv etməyə zəmin yaradır”.

Psixoloq vurğulayıb ki, beləliklə valideyn əsasən körpəlikdən uşaqlığa keçid dövrünün ilk addımı olan 2-3 yaşlarında övladının psixologiyasında çox önəmli yer tutduğunu bilməlidir: “Bu dövrdə uşağa qarşı təzyiqin çox olması onu aqresssiv biri edir. Valideyn hər bir dönəmdə olduğu kimi bu dönəmdə də övladına böyük səbr sərgiləməli, uşağın hər sualına cavab verməli, daim ünsiyyətə maraq yaratmalı, kitab oxumalı, şəkilli kitablarda uşaqda qaranlıq qalan məqamların açıqlanmasını mütləq verməlidir. Valideyn uşağı öz yaş səviyyəsinə çatdırmaq üçün onu mütləq müxtəlif oyunlar oynamağa, idmanla məşğul olmağa sövq etməlidir. 5-6 yaşda isə uşaq ətrafda gördüklərini bilmək, anlamaq istəyir. Valideynə müxtəlif suallar verir, valideyn də öz növbəsində ətraflı, aydın şəkildə cavab verməli, suallardan usanmamalıdır. Uşağa həmin yaş dönəmində ünsiyyət, diqqət artırılmalıdır. Müəyyən sualları valideyn cavabsız qoyanda uşaq psixoloji təzyiqə məruz qalır. Bu dövrdə artıq uşaq məktəbə hazırlıq dövrünə başlayır, valideyn övladının həm psixoloji, həm də fiziki olaraq məktəbə hazır olması üçün ona dəstək olmalı, belə hazırlıq üçün şərait yaratmalıdır. Artıq bu yaş dövründə uşaq məktəbəqədər təhsilə cəlb olunmalıdır ki, məktəb dövründə daha sağlam psixoloji vəziyyətlə və təmkinlə təhsilini davam etdirsin. Bəzən valideynlər məktəbəqədər hazırlığın övladlarını daha da yüklədiyini düşünürlər. Lakin bu doğru düşüncə deyil, məktəb uşaq üçün yeni bir dünyadır, onun bu dünyaya hazır olması, psixoloji olaraq sarsılmaması üçün məktəbəqədər hazırlıq müddətində yetəri qədər peşəkar dəstək alması vacibdir”.

E.Rüstəmovun sözlərinə görə, 7-8 yaş dönəmində olan uşağın bəzi potensialları və bacarıqları artıq üzə çıxmağa başlayır: “Bu yaşda olan uşağı bir mütəxəssisə müraciət etməklə onun bacarıqlarını aşkarlamaq, daha çox nəyə meyilli olması, nə edərkən rahat olması kimi suallara aydın cavab almaq vacibdir. 9-10 yaş dövründə valideyn daha çox səbrli və anlayışlı olmalıdır. Bu yaşda uşağın psixoloji olaraq “mən”i daha çox inkişaf edir, onun istəklərinin reallaşması, onun dediklərinin olması əsas şərtə çevrilir. Bu dönəmdə edilən ən böyük səhvlərdən biri də budur – bəzən valideynlər övladının onların sözünə qulaq asmadığını bildirir. Valideyn bilməlidir ki, 9-10 yaşa qədər uşaqlarını idarə edə bilmirsə, sonrakı dönəmlərdə onlara söz keçirmək daha çətin olacaqdır”. 

“Nəhayət məlumdur ki, uşaq şəxsiyyətinin formalaşmasında ailənin rolu əvəzedilməzdir. Valideyn uşağın özünəinam hissinin yaranmasında ən başlıca roldur. Özünəinam sayəsində uşaqlar özlərini və edəcəklərini kəşf edirlər, yalnız başqalarının nələrsə edə biləcəyi düşüncəsindən uzaqlaşır və qərarlarını həyata keçirmək üçün mübarizə aparırlar. Milli şüurun yaranması, onun əxlaqi keyfiyyəti cəmiyyətin inkişafında vacib və önəmlidir. Məhz buna görə də təlim-tərbiyə məsələsi həm valideyn, həm də cəmiyyət üçün ön planda durmalıdır. Valideyn olmaq böyük məsuliyyət və səbr tələb edir. Dünyaya övlad gətirmək başlı-başına buraxmaq valideyn olmaq demək deyil. Valideynlik onun şəxsiyyət olaraq formalaşması üçün əlindən gələni etmək, onun psixi və fiziki sağlamlığını daim mərkəzdə saxlamaqdır. Unutmayın, tərbiyə – uşaqda yeni imkanların, bacarıqların yaradılması deyil, onda mövcud olan imkanların qidalandırılmasıdır. Bu tərbiyədə sevgi, əvəzolunmaz və daimidir, tərbiyənin sirri isə övlada olan hörmətlə başlayır”, – deyə psixoloq əlavə edib.

https://iqtisadiyyat.az/az/post/ovladlarimizi-nece-boyudek—psixoloq-valideyn-usaq-modellerinden-danisdi-112016