Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov informator.az saytına müsahibə verib.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov informator.az saytına müsahibə verib.

Uşaqların yalan danışmağa başlaması həm onların psixoloji inkişafı, həm də ailədaxili münasibətlərin təhlili baxımından önəmli bir məqamdır. Yalan danışma uşağın həyatında müəyyən psixoloji və sosial problemlərə səbəb ola bilər. Bu vərdişin qarşısını almaq üçün valideynlərin diqqətli olması və düzgün yanaşması vacibdir.Uşaqlar əksər hallarda cəza almamaq və ya valideynlərin qəzəbindən qorxduqları üçün yalan danışırlar.
 
Bəs, kiçik yaşlı uşaqların reallıqla xəyal dünyasını qarışdırması və ya yalan danışması onların həyatına necə təsir göstərə bilər ? 
 
Məsələ ilə bağlı psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitunun sədri Elnur Rüstəmov “İnformator.az”a açıqlamasında bildirib ki, kiçik yaşlı uşaqlar bəzən xəyal güclərinin təsiri ilə reallığı qarışdırırlar:
 
“Bu vəziyyət tamamilə zərərsiz ola bilər, lakin davamlı hala gəldikdə, ciddi nəzarət tələb olunur. Ona görə də, valideynlər bu məqamda diqqətli olmalıdırlar. Bəzən uşaqlar özlərini mükəmməl və ya daha yaxşı göstərmək üçün yalan danışa bilərlər. Bu davranış, xüsusən də uşağın daim tənqid edildiyi və ya başqaları ilə müqayisə edildiyi mühitdə baş verir”.
 
Psixoloqun sözlərinə görə, hər şeydən öncə valideyn uşağın yalan danışdığını anladıqda, sərt cəzalar və ya ittihamlar əvəzinə sakit və anlayışlı şəkildə danışmalıdır:
 
“Uşağın nə üçün belə bir addım atdığı öyrənilməli, onun narahatlıqları diqqətə alınmalıdır. Valideynlər öz davranışları ilə uşaqlara dürüstlüyün önəmini öyrətməlidir. Çünki, uşaqlar valideynlərinin yalan danışmadığını gördükdə, bu davranışı mənimsəyirlər. Uşağın özünü ifadə etməkdə sərbəst olduğunu hiss etməsi, səmimiyyətin formalaşmasına kömək edir. Tənqid və ya təzyiq olmadan onun fikirlərini bölüşməsi təmin edilməlidir. Eyni zamanda dürüstlük göstərən uşaqlar mükafatlandırıla bilər. Bu, onların düzgün davranışı davam etdirmək motivasiyasını artırır. Xüsusən evdə uşaq üçün təhlükəsiz və dəstəkləyici bir mühit yaradılmalıdır. Uşaqlar cəzadan qorxmadan problemlərini bölüşməlidir. Uşağın daim mükəmməl olması gözlənilməməlidir. Ona səhv etmək hüququ tanınmalı və səhvlərini dürüst şəkildə etiraf etməsi təşviq edilməlidir. Valideyn tərəfindən dürüstlük haqqında nağıl və məsələlər uşaqlara dürüst olmağın əhəmiyyətini öyrətmək üçün əla vasitədir. Unutmayaq ki, uşaqlarla müntəzəm ünsiyyət saxlamaq, onların hiss və fikirlərini öyrənmək, yalan danışma ehtiyacını minimuma endirir”.
 
Psixoloq sözlərində, uzun müddətli yalan danışma vərdişinin uşaqda manipulyativ davranışların yaranmasına və sosial problemlərə səbəb ola bildiyini də qeyd edib:
 
“Uşaqlarda yalan danışma vərdişi həm onların, həm də ailənin diqqət və qayğı göstərməli olduğu mühüm bir məsələdir. Valideynlərin anlayışlı və nümunəvi davranışları, uşaqların dürüstlüyü öyrənməsi və mənimsəməsi üçün əsas amildir. Dürüstlük mədəniyyətinin formalaşdırılması uşağın həm indiki, həm də gələcək həyatında uğur və xoşbəxtlik üçün vacibdir”.

https://informator.az/news_12529.html