Azərbaycanda boşanma tendensiyası ilbəil artmaqdadır. Bunu rəsmi rəqəmlər də təsdiq edir. 2025-ci ilin yanvar ayında qeydə alınan boşanmaların sayı açıqlanıb. Azərbaycanda bir ayda 1800-dən çox ailə dağılıb. Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 2025-ci ilin ilk ayında 1814 boşanma halları qeydə alınıb. 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 2,0-dan 2,1-ə qədər artıb. Azərbaycanda boşanma tendensiyasının artması yalnız cəmiyyətin sosial strukturlarına deyil, həm də ailə üzvlərinin, xüsusən də uşaqların psixoloji vəziyyətinə ciddi təsir göstərir. Boşanmış ailələrin övladları, xüsusilə yeniyetmə yaşdakı qızlar, bu dəyişikliklərə daha həssas olur və bəzən bu vəziyyəti qəbul etməkdə çətinlik çəkirlər. Boşanmış ailələrin övladlarının çoxu bəzən nənə-babanın himayəsinə verilir, amma bu vəziyyət uşaqların inkişafı və gələcəyi baxımından müəyyən problemlərə yol açır.
Moderator.az-a danışan Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, ailənin dağılması təkcə iki insanın yollarını ayırması deyil, həm də bir övladın həyatında dərin iz buraxa biləcək bir sarsıntıdır:
“Təəssüf ki, boşanmalardan sonra uşaqlar bəzən valideynlər arasında “əşyaya” çevrilir, kimdə qalacağı hüquqi müstəvidə həll olunsa da, mənəvi boşluq yaranır. Məhz bu boşluq da yeniyetmələrdə dəyərlərin, təhlükəsizlik hissinin və mənəvi dayaqların zəifləməsinə səbəb olur.
Qeyd edim ki, hər bir uşaq üçün ən sağlam mühit tam ailədir. Amma bu mümkün deyilsə, ayrılmış valideynlər övladlarının gələcəyini əsas prioritet olaraq qəbul etməlidirlər. Uşaq kimdə qalmalıdır sualına psixoloji yanaşmada “kim daha çox sevgi və sabitlik təqdim edə bilərsə, onda” prinsipi əsas tutulur. Bu bəzən ana, bəzən ata, bəzən də hər iki tərəfin əməkdaşlığı şəklində ola bilər. Amma heç bir halda övlad nənə-babanın öhdəsinə tam buraxılmamalıdır. Çünki, onlar köməkçi rolunu oynaya bilərlər, əsas məsuliyyət valideynlərin üzərində qalmalıdır”.
Psixoloq vurğulayıb ki, boşanma faktı baş verdikdə valideynlərin ən böyük vəzifəsi uşağa bu hadisənin onun günahı olmadığını anlatmaq, onun üçün hər şeyin dəyişməyəcəyini hiss etdirməkdir:
“Bizim milli-mənəvi dəyərlərimizdə övlad müqəddəsdir. Uşağın tərbiyəsi, qorunması, şəxsiyyət kimi formalaşması ailənin və cəmiyyətin birgə məsuliyyətidir. Uşaqları boşanma travmasından qorumaq üçün bir məqamlara diqqət edilməlidir. Burada biz valideynlərin əməkdaşlığınə qeyd edə bilərik. Boşansa da, valideynlər arasında uşağın tərbiyəsi mövzusunda hörmət və anlaşma olmalıdır. Eləcə də, valideynlər bir-birindən intiqam almaq üçün uşağı alətə çevirməməlidirlər. Uşaq hər iki valideynin sevgisini və diqqətini hiss etməlidir. Həmçinin boşanma prosesi və sonrakı dövrdə uşağa psixoloq dəstəyi göstərmək vacibdir. Vacib olan uşağa ailə, namus, hörmət və əxlaq kimi dəyərləri öyrətmək, onu mənəvi dayaqlarla böyütməkdir.
Unutmayaq ki, sabahın ailəsi bu günün uşaqlarından yaranacaq. Onların sağlam, sabit və dəyərli böyüməsi üçün biz böyüklərin həm vicdanı, həm də məsuliyyəti birlikdə fəaliyyət göstərməlidir”.