Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov İqtisadiyyat.az-a bildirib ki, təhsil proqramlarının həddindən artıq ağır olması əlbəttə ki, şagird, abituriyent və tələbələrin psixoloji sağlamlığına təsir göstərə bilər. Onun sözlərinə görə, bu gün bir çox yeniyetmə və gənc təhsil prosesində yüksək akademik tələblərlə qarşılaşır ki, bu da onlarda stress, yorğunluq və emosional tükənməyə səbəb olur: “Dərs proqramlarının ağır olması və ev tapşırıqlarının çoxluğu şagird və tələbələrdə daim uğursuzluq qorxusu yaradır. Xüsusilə imtahan dövrlərində bu, həyəcan-təşviş səviyyəsinin artmasına gətirib çıxarır. Digər tərəfdən dərs prosesində həddindən artıq yüklənmə bəzi şagird və tələbələrdə motivasiyanın azalmasına, akademik uğursuzluq qorxusundan dolayı dərsdən uzaqlaşmağa səbəb ola bilər. Bəzi hallarda isə şagirdlər yalnız yüksək qiymət əldə etməyə fokuslanır ki, bu da təhsilin mahiyyətinin itməsinə gətirib çıxara bilər”.
E.Rüstəmov həmçinin vurğulayıb ki, dərs yükünün çox olması səbəbindən tələbələr gec saatlara qədər çalışır və bu da onlarda yuxu rejiminin pozulmasına gətirib çıxarır. Daimi yuxusuzluq isə yaddaş və konsentrasiyanın zəifləməsinə səbəb olur: “Dərslərin ağırlığı uşaq, yeniyetmə və gənclərin sosial həyatına da mənfi təsir göstərir. Uzun müddət davam edən akademik yüklənmə və psixoloji təzyiq bəzi hallarda burnout (emosional yanma) sindromuna səbəb ola bilir. Gənclər gələcək həyatlarında da özlərinə qarşı həddindən artıq tələblər qoyur, hətta iş həyatında belə daim narahatlıq içində olurlar. Bunun nəticəsində onlar peşəkar həyatlarında da psixoloji gərginliklə üzləşə bilirlər. Ona görə də dərs yükü balanslaşdırılmalı, praktiki bacarıqlara daha çox önəm verilməlidir. Məktəblərdə və universitetlərdə psixoloji xidmətlər daha əlçatan olmalıdır”.
Psixoloq effektiv dərs və istirahət balansını qorumaq üçün vaxt idarəetməsi texnikaları öyrədilməlməsinin vacibliyini də diqqətə çatdırıb: “Xüsusən valideynlər və müəllimlər şagirdlərin emosional vəziyyətini nəzərə almalı, onların psixoloji rifahını prioritet kimi qəbul etməlidirlər. Çünki təhsilin keyfiyyətli olması üçün yalnız akademik nəticələrə fokuslanmaq yetərli deyil. Təhsilalanların psixoloji sağlamlığı da nəzərə alınmalı, balanslı və inkişafyönlü təhsil modeli tətbiq olunmalıdır”.