Psixologiya Elmi Tədqiqat İnstitutunda “Beyin – Qırışlarda gizlənən sirr” adlı kitabın təqdimatı keçirilib.

Bu gün Psixologiya Elmi Tədqiqat İnstitutunda Avropa Nevrologiya Akademiyasının üzvü, həkim-nevroloq Qalib Əsədov və klinik-psixoloq Fuad Əsədovun “Beyin – Qırışlarda gizlənən sirr” adlı kitabının təqdimatı keçirilib.

Təqdimatda institutun sədri f.ü.f.d. Elnur Rüstəmov, uzman klinik-psixoloq Narınc Rüstəmova, yazıçı, şair Aqşin Yenisey, AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov, sözügedən kitabın müəllifləri və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb. O, kitab haqqında danışmazdan öncə Fuad Əsədovla bağlı fikirlərini bölüşüb. Elnur Rüstəmov bildirib ki, müasir psixologiya sahəsində Fuad Əsədov da öz imzasını qoyacaq şəxslərdən biridir.

Elnur Rüstəmov kitab haqqında təəssüratlarını bölüşüb. O qeyd edib ki, kitab əhatəlidir və bizim gündəlik həyatımızda baş vərən hadisələrin həm yaxşı müşahidəsi, həm də izahı var. Sədr həmçinin bu kitabın Azərbaycan psixologiyasında yeni istiqamət olacağını bildirib. Qeyd edib ki, biz bu məzmunda kitabları əsasən xarici müəlliflərdən oxuyuruq, amma bu gün Qalib Əsədov və Fuad Əsədov Azərbaycanda bu istiqamətin əsasını qoydular.

Sədr həmçinin əlavə edib ki, Fuad Əsədovun psixoloq kadrların yetişdirilməsində, xüsusən Azərbaycanda CBT koqnitiv terapiyasının cəmiyyət içərisində, psixoloqlar arasında yayılmasında böyük əməyi var.

Sonda Elnur Rüstəmov Qalib Əsədovu həm bir müəllif, həm də valideyn kimi təbrik edib.

Daha sonra çıxış üçün Avropa Nevrologiya Akademiyasının üzvü, həkim-nevroloq Qalib Əsədova söz verilib.

Qalib Əsədov Azərbaycanda psixologiya sahəsində ən dərin və əhatəli tədqiqatların Psixologiya Elmi Tədqiqat İnstitutunda aparıldığını qeyd edib. O, psixologiya sahəsinə verdiyi töhfələrə görə Elnur Rüstəmova təşəkkürünü çatdırıb.

Daha sonra Qalib Əsədov kitabın ərsəyə gəlməsi barədə danışıb. O özündə yaranan müxtəlif sualları cavablandırmaq üçün araşdırmalar apardığını və sonda bu sualların izahını kitabda ümumiləşdirmək qərarına gəldiyini bildirib. Doktor qeyd edib ki, kitabda nevrologiya və psixologiyanın sahələri birləşdirilib. Qalib Əsədov tədbirin təşkilinə görə institutun sədri Elnur Rüstəmova və heyətə təşəkkürünü bildirib.

Daha sonra çıxış edən Aqşin Yenisey psixologiya ədəbiyyatının digər ədəbiyyatlardan fərqləndiyini qeyd edib. Yazıçı bu kitabın həm Azərbaycan cəmiyyəti, həm də sənət dünyası üçün böyük töhfə olacağını vurğulayıb. Aqşin Yenisey bildirib ki, rejissor da, yazıçı da, ümumiyyətlə insanla işləyən yaradıcı insanlar obrazı yaratmaq üçün onun alt şüuruna girməlidirlər. Bunu da yalnız əlində bu cür materiallar olduqda etmək mümkündür. O, kitabın təkcə psixoloqlar üçün deyil, Azərbaycan üçün uğur olduğunu bildirib və sonda müəlliflərə belə sanballı kitaba görə təşəkkürünü bildirib.

Klinik-psixoloq Fuad Əsədov çıxışında bildirib ki, bir yazıçı özünün oxumaq istədiyi kitabı yazır. O əlavə edib ki, beyinin maraqlı mexanizmi var və süni intellekt belə, bu gün beynmizin bir neyronunun etdiyini etmir.

O qeyd edib ki, beynimizdən daha sirli daha mürəkkəb bir sistem yoxdur. Müəllif bildirib ki, kitabda nəyə görə bir-birimizdən fərqlənirik, beynimiz necə işləyir, zövqlər bir-birindən niyə fərqlənir, tələbatlarımız necə yaranır və sairə bunun kimi yüzlərlə sualın cavabı araşdırılıb.

Kitabın redaktoru Vüsal Məmmədov elmi-populyar ədəbiyyatın önəmini, ancaq Azərbaycanda bu anlayışın yetərincə inkişaf etmədiyini bildirib.

O, kitabın məhz bu istiqamətdə töhfə olacağını və insanları intellektual və mənəvi cəhətdən zənginləşdirəcəyini bildirib. Vüsal Məmmədov həmçinin kitabda ən mürəkkəb, ən sirli mövzuların sadə dildə çatdırılmasının böyük uğur olduğunu qeyd edib.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun İnkişaf və yaş psixologiyası şöbəsinin elmi işçisi, Narınc Psixologiya Mərkəzinin təsisçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova cəmiyyətimizdə Fuad kimi peşəkar gənc kadrların olmasından qürurlandığını bildirib, müəllifə fəaliyyətində daha böyük uğurlar diləyib və ona xoş arzularını bildirib.

Tədbirdən sonra imza mərasimi keçirilib.