8 Noyabr Zəfər Gününə həsr olunmuş “Psixoloq Könüllülərin I Ümumrespublika Konfransı keçirilib”

Bu gün Müasir Azərbaycan Psixoloqları Cəmiyyəti və Psixologiya Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş “Psixoloq Könüllülərin I Ümumrespublika Konfransı” keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açılıb, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan xalqının böyük Zəfərinin 5 illiyi münasibətilə hər kəsi təbrik edib. Elnur Rüstəmov çıxışında qeyd edib ki, bu gün biz 30 illik həsrətin sonuna çevrilən, milli birliyimizin və Ordumuzun gücünün təcəssümü olan Zəfər Gününü qeyd edirik. Sədr bildirib ki, Zəfər Günü təkcə hərbi qələbənin deyil, həm də mənəvi dirənişin, psixoloji bərpanın və milli birliyin simvoludur.
“Bu gün biz tarixdə yazılmış bir hadisəni deyil, insan ruhunun sarsılmazlığını, milli yaddaşın sağalmasını və inamın yenidən doğulmasını qeyd edirik. Hər bir azərbaycanlı bu gün özündə güc, sabitlik və mənəvi dayanıqlıq hiss edir. Zəfər — şəfa, yenidənqurma və ümidin rəmzidir”.

Konfrans çərçivəsində könüllü qrup üzvlərinin 8 istiqamət üzrə apardıqları tədqiqat məqalələrinin və Zəfər gününə həsr olunmuş mövzularda tezislərin təqdimatı keçirilib.

Bildirilib ki, Könüllü fəaliyyət proqramına 2018-ci ildən start verilib və 2018–2025-ci illər ərzində 12 dəfə könüllü qəbulu həyata keçirilib.
Hər qrup 6 ay müddətində institutun fəaliyyətinə aktiv şəkildə qoşularaq, konfransların, simpoziumların, ixtisasartırma kurslarının, əlavə təhsil proqramlarının və müxtəlif təlimlərin təşkili proseslərində iştirak edib.