“Psixologiya Zirvəsi – 4” beynəlxalq elmi-praktik konfransının II günü keçirilib

28 iyun tarixində Bakı Slavyan Universiteti, Müasir Azərbaycan Psixoloqları Cəmiyyəti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Psixologiya Zirvəsi – 4. Şəhər, insan və psixoloji rifah” adlı beynəlxalq elmi-praktik konfransın ikinci günü keçirilib.

Tədbir çərçivəsində şəhər mühiti, insan və ailə münasibətləri, psixoloji təhlükəsizliyin formalaşması, klinik psixologiyada aktual tədqiqat istiqamətləri, təhsil mühitində psixoloji xidmət, insanın varoluşsal təcrübələri, təfəkkür və digər aktual elmi mövzular ətrafında təqdimatlar və müzakirələr aparılıb.

Konfransın ikinci günündə tanınmış alim və mütəxəssislər müxtəlif mövzularda elmi məruzələrlə çıxış ediblər.

F.ü.f.d. Elnur Rüstəmov “Şəhər, insan və ailə: psixoloji təhlükəsizliyin formalaşmasında urban mühitin rolu”;
Prof. Fuad İsmayılov “Azərbaycanda klinik psixologiya sahəsində tədqiqatların aparılması zamanı rast gəlinən əsas problemlər”;
Prof. Şərif Baratov “Təhsildə psixoloji xidmətin nəzəriyyəsi və praktikası”;
Prof. Dr. Metin Deniz “Məkanın psixogenetikası: kentsel dizaynın uşaq və yeniyetmələrin psixososial inkişafı üzərindəki epistemik təsiri”;
Fatimə Əhmədova “Şəhər həyatının insan yuxularının məzmununa və emosional işlənməsinə təsiri”;
Prof. Dr. Fuad Tanhan “İnsan olmanın bədəli: ontoloji travma”;
Dos. Müşviq Mustafayev “Təfəkkür – psixoloji problem kimi” mövzularında elmi çıxışlar ediblər.

Konfransın bağlanış mərasimində iki gün ərzində keçirilən elmi sessiyalar, təqdimatlar və müzakirələrin əhəmiyyəti vurğulanıb, psixologiya elminin inkişafı, müasir çağırışların öyrənilməsi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində bu kimi tədbirlərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

“Psixologiya Zirvəsi” kimi elmi platformalar psixoloji elmin aktual istiqamətlərinin müzakirəsi, mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması və cəmiyyətin psixoloji rifahına töhfə verən yeni yanaşmaların formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. İnstitut olaraq gələcəkdə də bu istiqamətdə elmi təşəbbüslərin dəstəklənməsinə və inkişaf etdirilməsinə davam edəcəyik.