“Psixologiya Zirvəsi – 4” beynəlxalq elmi-praktik konfransının ilk hissəsi keçirilib

27 iyun tarixində Bakı Slavyan Universitetinin ev sahibliyi, Müasir Azərbaycan Psixoloqları Cəmiyyəti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Psixologiya Zirvəsi – 4. Şəhər, insan və psixoloji rifah” adlı beynəlxalq elmi-praktik konfransın ilk hissəsi keçirilib.

Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə və Özbəkistandan tanınmış alimlər, psixoloqlar, tədqiqatçılar, elm və təhsil nümayəndələri iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, prof. Bəxtiyar Əliyev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, F.ü.f.d. Elnur Rüstəmov, Prof. Dr. Mehmet Engin Deniz, Uluslararası Buxara Universitetinin rektoru Prof. Şərif Baratov, Prof. Fuad İsmayılov, Prof. Dr. Fuad Tanhan, Prof. Dr. Metin Deniz, Dos. Müşviq Mustafayev, Prof. Dr. Nevzat Tarhan, eklektik psixoterapevt, supervayzer David Poladov, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Psixometrika və elmi araşdırmalar üzrə baş koordinatoru, Testlərin Adaptasiyası Laboratoriyasının rəhbəri Ülkər Zalova Nuriyeva, Uzm. Narınc Rüstəmova, klinik psixoloq Fatimə Əhmədova, loqoped Nərmin Rüstəmova və digər mütəxəssislər iştirak ediblər.

Konfrans çərçivəsində şəhər mühiti, insan psixologiyası, ailə münasibətləri, psixoloji təhlükəsizlik, urbanizasiyanın təsirləri, klinik psixologiya, psixoterapiya və təhsil mühitində psixoloji xidmət kimi aktual istiqamətlər üzrə elmi məruzələr təqdim olunub.

Prof. Bəxtiyar Əliyev – “Şəhərsalmanın psixoloji problemləri: Urbanizasiya, psixoloji suverenlik və insan rifahı kontekstində Azərbaycan təcrübəsi”;

F.ü.f.d. Elnur Rüstəmov – “Şəhər, insan və ailə: psixoloji təhlükəsizliyin formalaşmasında urban mühitin rolu”;

Prof. Dr. Nevzat Tarhan – “Modern kentleşmenin psikolojik kodları: şehir yaşamında anlam, aidiyet ve psikolojik refah”;

Prof. Fuad İsmayılov – “Azərbaycanda klinik psixologiya sahəsində tədqiqatların aparılması zamanı rast gəlinən əsas problemlər”;

Prof. Dr. Mehmet Engin Deniz – “Öznel iyi oluş ve kentsel deneyim: hedonik ve eudaimonik yaklaşımlar”;

David Poladov – “Şəxsiyyətin restrukturizasiyası və psixososial adaptasiya prosesində multimodal psixoterapiya: eklektik yanaşmanın imkanları”;

Uzm. Narınc Rüstəmova – “Peşəkar tükənmə (burnout) və iş mühitində stresin idarə olunması”;

Ülkər Zalova Nuriyeva – “Şəhər mühiti və münasibətlərin transformasiyası” mövzularında çıxış ediblər.

Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən təşkil olunan “Psixologiya Zirvəsi” müasir psixoloji çağırışların elmi müstəvidə müzakirə edildiyi, yerli və beynəlxalq mütəxəssisləri bir araya gətirən mühüm elmi platformadır. İnstitut bundan sonrakı fəaliyyətində də psixologiya elminin inkişafına, elmi tədqiqatların genişləndirilməsinə, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə və cəmiyyətin psixoloji rifahının yüksəldilməsinə yönəlmiş layihələri davam etdirəcək.