Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi Tədqiqat İnstitutunun XII könüllü fəaliyyət qrupu üzvlərinin məzun günü keçirildi

Psixologiya Elmi-Tədqiqat İnstitutunda 12-ci Könüllü Fəaliyyət Proqramının Məzun Günü Keçirilib

Bu gün Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə 12-ci Könüllü Fəaliyyət Proqramı üzvlərinin məzun günü münasibətilə təntənəli tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən Milli Məclisin deputatı, Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin İdarə heyətinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev könüllü fəaliyyət proqramının gənc mütəxəssislərinin elmi, peşəkar və şəxsi inkişafında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, bu proqram gənclərin elmi-tədqiqat mühitinə inteqrasiyasını təmin etməklə yanaşı, onların analitik düşünmə bacarıqlarının formalaşmasına, tədqiqat vərdişlərinin inkişafına və praktik biliklərinin zənginləşdirilməsinə mühüm töhfə verir.

Tədbirdə çıxış edən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov könüllüləri məzun olmaları münasibətilə təbrik edərək, onların proqram müddətində göstərdikləri fəallığı, təşəbbüskarlığı və məsuliyyətli yanaşmanı yüksək qiymətləndirib. O bildirib ki, institutun əsas məqsədlərindən biri gənclərin elmi-praktik biliklərə yiyələnməsinə, peşəkar bacarıqlarının formalaşmasına və cəmiyyətə faydalı mütəxəssis kimi yetişməsinə töhfə verməkdir.

Elnur Rüstəmov indiyədək bu proqram çərçivəsində 300-dən çox könüllünün məzun olduğunu qeyd edərək, institutun gənclərə geniş təcrübə imkanları yaratmaqdan məmnunluq duyduğunu bildirib. O, məzunlara gələcək fəaliyyətlərində prinsipiallıq, dürüstlük, peşə etikası və sosial məsuliyyət prinsiplərinə sadiq qalmağı, dövlətə və xalqa layiqincə xidmət etməyi tövsiyə edib.

Daha sonra Psixologiya Elmi-Tədqiqat İnstitutunun Könüllülərlə iş şöbəsinin müdiri, 12-ci Könüllü Fəaliyyət Proqramının rəhbəri Emilya Nəsibova çıxış edərək tədbir iştirakçılarını salamlayıb. O, altı ay ərzində könüllülərin institutun elmi, təşkilati və praktik fəaliyyətində fəal iştirak etdiklərini, yerli və beynəlxalq konfransların, seminar və təlimlərin təşkili, elmi-tədqiqat layihələrinin icrası və sosial təşəbbüslərin həyata keçirilməsində yüksək fəallıq nümayiş etdirdiklərini bildirib.

Emilya Nəsibova könüllülər üçün yaradılan imkanlara və göstərilən daimi dəstəyə görə professor Bəxtiyar Əliyevə və f.ü.f.d. Elnur Rüstəmova təşəkkürünü ifadə edib, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Rəsmi çıxışlardan sonra 12-ci Könüllü Fəaliyyət Proqramının üzvləri tərəfindən hazırlanmış səhnəcik təqdim olunub. Səhnəcikdə psixoloji xidmət sahəsində qarşılaşılan real situasiyalar, peşə etikası, insan psixologiyasına həssas yanaşma və sosial məsuliyyət mövzuları bədii formada əks etdirilib və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Ardınca könüllülərin proqram müddətindəki fəaliyyətlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda proqramı uğurla başa vuran könüllülərə plaketlər təqdim olunub, xatirə şəkilləri çəkdirilib və məzunlara gələcək peşəkar fəaliyyətlərində uğurlar arzulanıb.